×
A
A
A
Sazlamalar

Cocuq Mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib

Cəbrayıl, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi ilə bağlı növbəti tədbiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirib.
AZƏRTAC xəbər verir ki, Cocuq Mərcanlı kənd tam orta məktəbində təşkil olunan səyyar xidmət zamanı Cəbrayıl və Füzulidən olan 150-yə yaxın mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib. Altı nəfərdən, o cümlədən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevdən nəzəri imtahan qəbul edilərək, sürücülük vəsiqəsi verilib.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin baş məsləhətçi müfəttişi Azər Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, Müfəttişlik tərəfindən respublikanın 15 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində yaradılmış “Səyyar xidmət” qrupu ilə bərabər bu məntəqələrdə və respublikanın digər rayonlarında sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması və dövlət texniki baxışı keçirilməsi proseslərini həyata keçirir.
“Səyyar xidmət” qrupu vasitəsilə bu günə qədər respublika üzrə 5 mindən artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 200-dən çox nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 100-dən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib. “Səyyar xidmət” bundan sonra da respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyyətçilərinə yerindəcə qanuna müvafiq xidmətləri davam etdirəcək.
Nəzəri imtahan verərək, sürücülük vəsiqəsi alan Cocuq Mərcanlı sakini Oqtay Həziyev kəndlərində belə bir tədbirin keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları Cocuq Mərcanlı sakinlərinə mənəvi dəstək olmaqla bərabər, həm də kənd məktəbinin ərazisində həmişəyaşıl ağaclar əkiblər.

Kənd təsərrüfatı 2017-10-14 12:27:00