×
A
A
A
Sazlamalar

Atletika üzrə dünya çempionu Ramil Quliyev ilə İstanbulda görüş keçirilib

İstanbul, 13 oktyabr, АZƏRTAC
İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) atletika üzrə qardaş ölkəyə ilk dünya çempionluğu qazandıran azərbaycanlı idmançı Ramil Quliyev ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə İSTAD-ın sədri Səfər Karaqoyunlu, dünya çempionu Ramil Quliyev, təşkilatın gənclər bölməsinin sədr müavini Gülşən Ardıç və başqaları çıxışlarında Azərbaycan-Türkiyə qardaşlığının tarixindən və hazırkı yüksək səviyyəsindən danışıblar. Diqqətə çatdırılıb ki, müasir dövrdə idman ölkələrin və xalqların dünyada təbliğində mühüm rol oynayır. Qardaş ölkələrimizin idmançılarının da mötəbər beynəlxalq yarışlarda qələbələr qazanaraq, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını ucaltmaları xalqlarımız arasında sarsılmaz birliyin bütün dünyada təbliği işinə böyük töhfə verir.
Çıxışlarda, həmçinin son illər Azərbaycanda digər sahələrlə yanaşı, idmanın da sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.
Ramil Quliyev böyük qələbəsində Azərbaycanda idmana göstərilən diqqət və qayğının mühüm payı olduğunu xüsusi vurğulayıb.
Tədbirdə qeyd olunub ki, idmançımızın qələbəsindən sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Ramil Quliyevi təbrik etmələri Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir.
Çıxış edənlər çempion idmançıya uğurlar və yeni qələbələr arzulayıblar.
Sonda İSTAD-ın adından Ramil Quliyevə xatirə hədiyyəsi təqdim olunub.
Xatırladaq ki, Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə yarışda 20,09 saniyəlik nəticə göstərərək dünya çempionu adını qazanıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İdman 2017-10-13 22:59:00