×
A
A
A
Sazlamalar

Avropa klublarının kubokunda beşinci turun oyunları keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC 

Azərbaycanın “Odlar Yurdu” yığma komandası dördüncü raundda Hollandiyanın “LSG Leiden” komandası üzərində qələbə qazanaraq, Antalyada keçirilən kişi şahmat komandaları arasında Avropa Kubokunun lideri olub. Azərbaycan şahmatçılarının komanda hesabında 8, fərdi hesabda isə 18,5 xalı var.
AZƏRTAC xəbər verir ki, görüş 5:1 hesabı ilə başa çatıb. Matçda Azərbaycan komandasına qələbəni Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Azər Mirzəyev qazandırıblar. Arkadi Naydiç və Rauf Məmmədov heç-heçə oynayıblar.
Dörd oyun günündən sonra açıq seksiyada “Odlar Yurdu” və Rusiyanın “Qlobus” komandası hərəyə 8 komanda xalı ilə liderdirlər. Rusiyanın “ШСМ-Legacy Square” komandası bir xalla geridə qalır. Yeddi komanda hərəyə 6 xal qazanıb.
Azərbaycanın qadın yığması da dördüncü turda qələbəyə nail olub. Şahmatçılarımız Türkiyənin “Anatolia” komandasını məğlub ediblər - 2,5:1,5. Oyunda Ülviyyə Fətəliyeva, Xanım Balacayeva qələbə qazanıb, Zeynəb Məmmədyarova heç-heçə edib, Aydan Höcətova isə məğlub olub.
Qadınların yarışında “Odlar Yurdu”, “ШСМ-Legacy Square” (Rusiya), “Chess Club NONA Батуми” (Gürcüstan) və “Bossa Nova” (Belarus) hərəyə 6 xalla irəlidədirlər.
Bu gün keçiriləcək beşinci turda kişilərin turnirində “Odlar Yurdu” Rusiyanın “Qlobus” komandası ilə qarşılaşacaq. Qadınların çempionatında isə “Odlar Yurdu” Rusiyanın “Legacy Square Capital” komandası ilə rəqabət aparacaq.
“Odlar Yurdu”-“Qlobus” matçında Arkadi Naydiç-Vladimir Kramnik, Rauf Məmmədov-Aleksandr Qrişuk, Qədir Hüseynov-Sergey Karyakin, Eltac Səfərli-Aniş Giri, Nicat Abbasov-Yan Nepomnyaşşi və Azər Mirzəyev-Denis Xismatullin qarşılaşacaqlar.
“Odlar Yurdu”-“Legacy Square Capital” oyununda isə Zeynəb Məmmədyarova-Alina Kaşlinskaya, Ülviyyə Fətəliyeva-Yekaterina Kovalevskaya, Gülnar Məmmədova-Darya Voyt və Xanım Balacayeva-Anastasiya Savina mübarizə aparacaqlar.
Turnirin qalibləri və mükafatçıları İsveçrə sistemi üzrə keçirilən yeddi turun nəticələrinə görə müəyyən olunacaq.
Vaxta nəzarət ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.

İdman 2017-10-12 20:27:00