×
A
A
A
Sazlamalar

“Azərikimya”da “Xəmsə” bilik yarışının qalibləri mükafatlandırılıb

Sumqayıt, 19 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında 20 sentyabr – Neftçilərin peşə bayramı gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib.
“Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara 22 komanda qatılıb.
AZƏRTAC xəbər verir ki, yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç seçim və bir final mərhələsindən ibarət olmaqla, dörd saata qədər davam edən bilik yarışında Gənc Mühəndislər Cəmiyyətinin komandası birinci, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
FHN Sumqayıt Regional Mərkəzinin komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qalib komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.
Qalib komandalara “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.

Regionlar 2017-09-19 18:37:00