×
A
A
A
Sazlamalar

Rus dili və ədəbiyyatı müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət artırılır

Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rus dili və ədəbiyyatı müəllimləri üçün “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsinin məqsədi rus dili və ədəbiyyatı müəllimlərinin təkmilləşdirilməsinə, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir. Seminara Rusiya Xalqlar Dostluğu Universitetinin, eləcə də Rusiyanın digər tanınmış və aparıcı universitetlərinin müəllimləri, ADPU-nun rus dili müəllimləri, Bakı şəhərinin 35 ümumi təhsil məktəbinin 70 müəllimi cəlb olunub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, “Təlimdə müasir pedaqoji texnologiyalar” mövzusunda seminarın keçirilməsi universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan mühüm addımdır. Rus dili dünyanın aparıcı və zəngin dillərindən biridir. Son illər Azərbaycanda bu dilə maraq xeyli artıb. Hazırda ölkəmizdə rus dilinin intensiv tədrisi üçün lazımi tədbirlər həyata keçirilir. Bu seminarın təşkili rus dilinin tədrisi keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov seminarın keçirilməsinə göstərilən dəstəyə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür edib, iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
Sonra Rusiya Xalqlar Dostluğu Universitetinin rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Kovalenko və baş müəllim, filologiya elmləri namizədi Kalinina Yuliya Mixaylovnanın moderatorluğu ilə metodik seminar keçirilib. Seminarda “Müasir rus dili və ədəbiyyatı təhsilin yeni paradiqmaları şəraitində”, “Əsas ümumtəhsil məktəblərində rus dili dərslərində mədəniyyətşünaslıq kompetensiyalarının formalaşması”, “Müasir bədii nəsrin dilinin öyrənilməsi Rusiya gerçəkliyi ilə ünsiyyət vasitəsi kimi”, “Rus dili və ədəbiyyatının tədrisi metodikasının müasir təmayülləri” və s. mövzularda mühazirələr dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Elm və təhsil 2017-09-19 16:13:00