×
A
A
A
Sazlamalar

Bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması üzrə təlim işə başlayıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Bakıda FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması” üzrə təlim seminarı işə başlayıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərə bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin aşılanması və bu sahədə onların bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirdə çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə danışıb. Camal Quliyev, həmçinin son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. O, 11 regionda həm Aqrokimya, Karantin Ekspertiza, həm də Nəzarət Toksikologiya laboratoriyalarının funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və bu sistemin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.
FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib.
Sonra seminar gündəliyə uyğun olaraq işə başlayıb.
Qeyd edək ki, seminar iştirakçıları təlimin praktiki hissəsinin həyata keçirilməsi məqsədi ilə sabah Xaçmaz rayonu ərazisinə səfər edəcək. Fitosanitar müfəttişlər ixrac olunacaq bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının təşkili, nümunələrin götürülməsi və fitosanitar sertifikatlarının verilməsi prosedurları ilə yaxından tanış olacaqlar.
Təlim seminarı sentyabrın 21-də başa çatacaq.

Sosial 2017-09-19 14:42:00