×
A
A
A
Sazlamalar

Avtomobillərin havaya buraxdığı zərərli qazlar hər il Avropada beş mindən çox insanın həyatına son qoyur

Vyana, 19 sentyabr, AZƏRTAC

Avtomobillərin havaya buraxdığı zəhərli qazlar hər il Avropada minlərlə insanın vaxtsız vəfatına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Environmental Research Letters” adlı ixtisaslaşmış jurnalda araşdırmalar əsasında məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, emissiyalarla bağlı istehsalçıların təqdim etdiyi saxta göstəricilər hesabını, ilk növbədə, sadə insanlar ödəməli olur. Belə ki, hər il dizel mühərrikli avtomobillərin havaya buraxdığı zərərli qazlar Avropada beş mindən çox insanın vaxtsız vəfat etməsinə səbəb olur.
Tədqiqatçılar əsas problemin Avropa ölkələrində dizel mühərriki ilə işləyən avtomobillərin dövlət tərəfindən subsidiyalarla və vergi güzəştləri ilə təşviq olunmasında görürlər. Enerji tutumu yüksək olan dizel avtomobillərinin sayı Avropada 100 milyon ədəddən artıqdır və bu, dünyanın digər ərazilərində olan dizel avtomobillərinin toplam sayından iki dəfə yüksəkdir. Eyni zamanda, dizel avtomobillərin reklamı zamanı emissiyalarla bağlı laboratoriya göstəriciləri müştərilərə təqdim olunur, bu isə real yol göstəricilərindən 4-7 dəfə aşağı olur. İstehsalçıların emissiyalarla bağlı saxta göstəriciləri Avropada benzin mühərrikli avtomobillərlə müqayisədə dizel avtomobillərinin cəlbediciliyini artırır.
Havada azot oksidlərinin normadan artıq olmasından ən çox əziyyət çəkən ölkə İtaliyadır. Burada hər il 1250 nəfər zərərli qazların təsirindən dünyasını dəyişir. Sonrakı yerlərdə isə Almaniya (960 nəfər) və Fransa (680 nəfər) gəlir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2017-09-19 14:19:00