×
A
A
A
Sazlamalar

Oğuzlu fermerlər bu günədək 75 ton quru tütün istehsal ediblər

Oğuz, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il oğuzlu fermerlər 200 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 31 hektarına “Virciniya” növlü ətirli, 169 hektarına isə yerli tütün sortları əkilib. Hazırda təsərrüfatlarda tütünün sahələrdən yığılması və qurudulması işləri mütəşəkkil şəkildə davam edir. Fermerlər bu günədək sahələrdən 920 ton yaşıl tütün kütləsi yığaraq qəbul məntəqəsinə təhvil veriblər. Bundan əlavə, fermerlər indiyədək yetişdirdikləri yerli tütün sortlarından 75 ton quru tütün istehsal ediblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Rayonun Padar kəndindən olan fermer Qərib Yunusov ikinci ildir ki, tütünçülüklə məşğul olur. O, ötən il 3 hektar sahədə yerli tütün sortları yetişdirib, yaxşı da məhsul götürüb. Bundan ruhlanan fermer cari mövsümdə tütün əkini sahələrini 4 dəfə genişləndirərək 12 hektara çatdırıb. Hazırda onun təsərrüfatında 13 nəfər mövsümi işçi çalışır. Sahələrdən yığılan tütün ipə düzülərək açıq hava şəraitində qurudulur. Fermer indiyədək 3 tona yaxın quru tütün istehsal edib.
Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir.

Kənd təsərrüfatı 2017-09-19 14:08:00