×
A
A
A
Sazlamalar

“Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması” ekspedisiyasının yekunları müzakirə edilib

Astana, 19 sentyabr, АZƏRTAC

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil edilən “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması” beynəlxalq tədqiqat ekspedisiyasının nəticələri ilə bağlı Astanada, Qazaxıstan Milli Kitabxanasında hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ekspedisiyanın elmi yenilikləri və nəticələri barədə məlumat verilib. Bununla yanaşı, Monqolustanda qədim türklərə aid Şiveet Ulaan abidələr kompleksində iki il ərzində aparılan qazıntı işləri nəticəsində əldə edilən tapıntıların təqdimatı keçirilib.
Tədbirdə Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlər barədə müzakirələr aparılıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Monqolustan ilə əldə olunan razılaşmalar nəticəsində uğurlu layihələrin həyata keçirildiyini, Şərqi Monqolustanda qədim türklərə məxsus yeni kurqan və heykəllərin aşkar edildiyini bildirib. Diqqətə çatdırıb ki, ulu türklərin yaşadıqları qədim məkanları axtarıb tapmaq, onların tarixdə qoyduqları izləri dünyaya tanıtmaq, türk və İslam mədəniyyətinə aid türbələri, yaşayış yerlərini öyrənib dünya elminə çatdırmaq üçün Beynəlxalq Türk Akademiyası 2015-ci ildən tədqiqatlar aparır. Hunlar və Göytürklər dövrünə aid dəyərli tapıntıların elmi nüsxələrinin köçürülməsinə dair Monqolustan Milli Muzeyi ilə razılıq əldə olunub. Bu tədqiqatların nəticəsində Qızıl Ordanın tarixinə aid indiyədək məlum olmayan müxtəlif məqamlar üzə çıxıb. Bilgə xaqanın Monqolustan Tarix Muzeyində saxlanılan qızıl tacının surəti, digər qiymətli eksponatların surəti Beynəlxalq Türk Akademiyasına təqdim edilib.
Monqolustan Milli Muzeyinin direktor müavini Bayarsayhan Jamsranjavin isə Kültegin, Bilgə Xaqan və Tonyukuk yazıları kimi qədim türk abidələri də daxil olmaqla, qədim mənbələr əsasında əski toponimlərin xəritəsinin hazırlanması barədə razılılığın əldə edildiyini diqqətə çatdırıb.
Beynəlxalq Türk Akademiyası ötən il türk dünyası tarixində önəmli yerə malik olan, Monqolustanın Şiveet Ulaan kompleksində iki ay sürən qazıntı işləri aparıb. Qazıntı işləri zamanı əski çağlara işıq tutacaq əvəzsiz tapıntılar aşkarlanıb. Tədqiqatçılara görə, Şiveet Ulaan kompleksi bir çox türk etnoslarını bir araya gətirən və onları vahid dövlətdə birləşdirərək uzun illər Avrasiya coğrafiyasına hökmranlıq edən İlteriş Kutluk Xaqanın (682-692-ci illərdə hakimiyyətdə olub) adına ucaldılıb.
Tanınmış türkoloq alim, arxeoloq Napil Bazılxan beynəlxalq ekspedisiyanın üç ildə gördüyü işlər, Şiveet Ulaan məqbərəsindən tapılan eksponatlar barədə məlumat verib. Bildirib ki, İlteriş Kutluk xaqanın iqamətgahı olan Şiveet Ulaanda gələcəkdə açıq muzey fəaliyyət göstərəcək.
Qazaxıstanın dövlət xadimi Mırzatay Joldasbekov Kentaydan Ulutauya qədər təşkil olunan beynəlxalq ekspedisiyanın türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konfransda çıxış edən tədqiqatçı jurnalist Aida Eyvazlı Beynəlxalq Türk Akademiyasının ortaq türk tarixinin öyrənilməsi və təbliği baxımından həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. O, bu layihələrin türkdilli ölkələr və xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini deyib. A.Eyvazlı alim və tədqiqatçıları türk dünyası tarixində mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Parlament Jurnalistlər Birliyinin irəli sürdüyü “AXC-100” layihəsində fəal iştiraka çağırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə keçirilən Naxçıvan sammitində yaradılan Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə birinci beynəlxalq ekspedisiya Altaylara, ikincisi isə Monqolustanın Şiveet Ulan və Orxon bölgələrinə təşkil olunub. “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi” tədqiqat ekspedisiyası türk dünyasının ortaq tarixi mirasının öyrənilməsi məqsədilə təşkil olunan sayca üçüncü beynəlxalq ekspedisiyadır.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Elm və təhsil 2017-09-19 13:20:00