×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada “Yusif Vəzir Çəmənzəminli–130” mövzusunda kitab sərgisi açılıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan ədəbiyyatının parlaq şəxsiyyətlərindən biri, dövlət xadimi, Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi münasibətilə sərgi açılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə Y.V.Çəmənzəminlinin 26 adda kitabı və haqqında yazılmış əsərlər iki həftə ərzində nümayiş etdiriləcək.
Ədibin hekayələri, romanları, ədəbi tənqidi və publisistik yazıları, oçerk və xatirələrini əks etdirən “Seçilmiş əsərləri”, “Qızlar bulağı”, “Əli və Nino”, “Xarici siyasətimiz” və digər nəşrlər, kitabxananın fondunda saxlanılan kitabları nümayiş olunur.
Mərkəzi Elmi Kitabxanada Azərbaycan milli məfkurəsinin oyanışında öz dəsti-xətti ilə seçilən belə ziyalıların, tarixi şəxsiyyətlərin zəngin irsinin təbliği məqsədilə mütəmadi işlər gedir. MEK-də ədəbiyyatımızın tanınmış siması olan Y.V.Çəmənzəminlinin əsərlərinin sərgisinin təşkili də eyni missiyanı daşıyır.

Elm və təhsil 2017-09-19 13:04:00