×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbi Yunanıstan universiteti ilə əməkdaşlığı genişləndirir

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetinin (PUAS) mühəndislik fakültəsinin professoru Panayotis Yannakopolus və həmin fakültənin dosenti, “Erasmus +” proqramının əlaqələndiricisi Konstantinos-Stefanos Nikas ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, Bakıya səfər PUAS ilə “Erasmus +” proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
Görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışıb, bu kimi tərəfdaşlığın hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa töhfə verdiyini vurğulayıb.
Yunanıstanlı qonaqlar PUAS-da bir sıra mühəndislik proqramlarının tədris edildiyini və BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Yunanıstanlı qonaqlar səfər çərçivəsində birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə-müəllim mübadiləsi ilə bağlı məsələləri müzakirə edib, tədris və elmi materialların mübadiləsi, magistratura səviyyəsində təhsil istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üçün danışıqlar aparıblar. Onlar, həmçinin BANM-in yeni kampusu və Bakının tarixi abidələri ilə tanış olacaqlar.
Ötən ilin yaz semestri ərzində “Erasmus +” proqramı çərçivəsində BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə beşinci kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov PUAS-da təhsil alıblar. Cari ilin payız semestrində isə BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə dördüncü kurs tələbəsi Rəmziyyə Qarazadə təhsilini PUAS-da davam etdirəcək.
Xatırladaq ki, “Erasmus +” proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı, ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Elm və təhsil 2017-09-19 12:59:00