×
A
A
A
Sazlamalar

Ortaq türk tarixinə işıq tutan ekspedisiya başa çatıb

Astana, 19 sentyabr, АZƏRTAC

Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi” mövzusunda III beynəlxalq ekspedisiya keçirilib. Avqustun 15-də Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri sentyabrın 18-də Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində başa çatıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə, Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlərin, tarixçi-arxeoloqların və media nümayəndələrinin iştirak etdikləri ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərində tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub.
TWESCO-nun prezidenti Darxan Kıdıralinin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Qazaxıstandakı ən qədim tikililərdən olan Dombaul movzeleyini, XII-XIII əsrlərə aid Alaşa, Qızıl Orda dövlətinin qurucusu olan Batu xanın və onun atası Cuçi xanın türbələrini ziyarət ediblər.
Daha sonra Satpayev şəhərində məşhur geoloq Kanış Satpayevin abidəsi önünə əklil qoyulub, iştirakçılara alimin fəaliyyəti haqqında məlumat verilib. Ziyarətçilər Satpayev şəhərinin tarix muzeyində bölgədə tapılan, qədim türk tarixinə aid tapıntılarla tanış olub və Ulutau qəsəbəsində Xan Ordası heykəlini ziyarət ediblər.
Səfər çərçivəsində Ulutau bölgəsindən olan ziyalıların iştirakı ilə elmi konfrans təşkil edilib.
Konfransda səfərin məqsədi haqqında danışan Darxan Kıdırali tədqiqat ekspedisiyasının Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Gələcəyə yol: mənəvi dirçəliş” adlı məqaləsində toxunduğu tarixi şüurun canlandırılmasına xidmət etdiyini bildirib. O, beynəlxalq kəşfiyyat səfərinin bu sahədə elmi tədqiqatlar üçün zəmin yaratdığını, türk xalqları arasında dostluğu və birliyi gücləndirdiyini bildirib. Akademiya rəhbəri xüsusi vurğulayıb ki, bundan əvvəlki ekspedisiyalarda Monqolustanda aşkarlanan arxeoloji tapıntılarla Qazaxıstan ərazisindəki tapıntılar arasında sıx əlaqə olduğu təsbit edilib.
Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycana və Qafqaz regionuna təşkil olunması nəzərdə tutulur.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Elm və təhsil 2017-09-19 12:19:00