×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetində yaponşünaslıq ixtisasının tədrisi ilə bağlı auditoriyalar açılıb

Bakı, 19 sentyabr, X.Cəfərova, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqla təmin edilmiş auditoriyaların açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu bildirib, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin və 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfərlərini xüsusi vurğulayıb. Bu münasibətlərin elm-təhsil müstəvisində də sürətlə inkişaf etdiyini söyləyən akademik A.Məhərrəmov cari ilin sentyabrında Azərbaycanın Yaponiya ilə diplomatik münasibətlərinin qurulmasının 25 ilinin tamam olduğunu diqqətə çatdırıb. Rektor müəllim və tələbələrin ixtiyarına veriləcək bu auditoriyaları həm də həmin yubileylə əlaqələndirib. Rektor yapon dilinin Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da yüksək səviyyədə tədris olunduğunu bildirib, yeni tədris ilində dörd auditoriyanın istifadəyə verilməsini də Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərləndirib.
Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Avropa ilə Asiyanı birləşdirən Azərbaycanın Yaponiya üçün əhəmiyyətli ölkə olduğunu, münasibətlərimizin ötən illərdə davamlı inkişaf etdiyini bildirib. BDU-nun bir çox məzunlarının səfirlikdə çalışdıqlarını və onların yalnız savadları ilə deyil, həm də yüksək mədəniyyətləri, qabiliyyətləri ilə fərqləndiklərini qeyd edib. Səfir müasir avadanlıqla təmin edilmiş auditoriyaların istifadəyə verilməsinin yapon dilinin tədrisində səmərəli olacağını və tələbələrdə stimul yaradacağını söyləyib.
Çıxışlarda əsaslı təmir və müasir texniki avadanlıqla təchiz edilmiş auditoriyaların yapon dilinin tədrisi istiqamətində faydalı olacağına əminlik bildirilib. Qeyd edilib ki, bu tədris ilində BDU-nun Səməd Vurğun adına poeziya otağı, fiziki və kolloid kimya laboratoriyası, qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası, ümumi və qeyri-üzvi kimyanın tədrisi laboratoriyası, magistr və doktorantlar üçün elmi-tədqiqat laboratoriyaları təmir olunaraq yeni avadanlıqla təchiz edilib. Bundan əlavə, əsas bina və 1 saylı binanın yeməkxanalarında, bir çox auditoriya və mərkəzlərdə də təmir işləri aparılıb.

Elm və təhsil 2017-09-19 12:17:00