×
A
A
A
Sazlamalar

Tərtər rayonunda top mərmisi aşkarlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Əskipara kəndi ərazisində partlamamış hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanmış bir ədəd 115 millimetrlik top mərmisi (BM-3) götürülərək zərərsizləşdirilməsi üçün qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 500 kvadratmetr ərazidə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Agentlik tərəfindən yanvarın 1–dən sentyabrın 18-dək, ümumilikdə,
6811 partlamamış hərbi sursat, tank əleyhinə 199, piyada əleyhinə 32 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 716 min 17 kvadratmetr ərazi yoxlanılıb.

Sosial 2017-09-18 20:08:00