×
A
A
A
Sazlamalar

Məşhur futbolçu Ueyn Runi sürücülük hüququndan məhrum olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

“Everton” klubunun hücumçusu, İngiltərə yığmasının sabiq kapitanı Ueyn Runi məhkəmə qarşısında dayanıb və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, polis Runinin avtomobilini Uilmslouda sentyabrın 1-i səhəri saxlayıb və o, həbs olunub. Onun qanında alkoqolun miqdarının yol verilən normadan təxminən üç dəfə çox olduğu aşkarlanıb. Məhkəmənin qərarı ilə 31 yaşlı futbolçu iki il müddətinə sürücülük hüququndan məhrum olunub və 12 ay ərzində 100 saatlıq ictimai işlərə məhkum edilib. Bundan başqa, o, 170 funt-sterlinq məbləğində cərimə də ödəməlidir.
İdmançı məhkəmə dinləmələrindən sonra verdiyi bəyanatda ağılsız hərəkətinə - yol hərəkəti qaydalarını pozduğuna görə azarkeşlərindən üzr istəyib. “Təbii ki, mən hökmlə razıyam və öz təqsirimi ictimai işlərdə iştirakımla yuya biləcəyimə ümidvaram”, - Runi bəyanatında belə deyib.
Xatırladaq ki, Ueyn Runi İngiltərə yığmasının heyətində vurduğu qolların sayına görə rekordçudur. O, 17 milyon funt-sterlinq (21 milyon dollar) illik gəliri ilə dünyanın ən çox qazanan futbolçularının ilk beşliyində yer alır. 2013-cü ildə Runu İngiltərənin ən varlı futbolçusu hesab edilmişdi.

 

İdman 2017-09-18 19:27:00