×
A
A
A
Sazlamalar

“Emmi” mükafatının qalibləri məlum olub

Bakı, 18 sentyabr, AZƏRTAC

“Emmi” mükafatlarının növbəti 69-cu təqdimat mərasimi keçirilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, nüfuzlu mükafatın təqdimat mərasimi Los-Ancelesdə "Microsoft Theater"də baş tutub.
"Ən yaxşı dramatik serial" nominasiyası üzrə əsas mükafatı "Qulluqçunun hekayəsi" serialı alıb. Həmin serialda baş rolu ifa edən Elizabet Moss “Dram janrında ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib. Ümumilikdə serial beş nominasiya üzrə mükafata layiq görülüb.
“Ən yaxşı komediya” nominasiyasında “Vitse-prezident" serialı seçilib. Filmdə rol almış Culiya Luis-Dreyvus “Ən yaxşı aktrisa” nominasiyasında altıncı dəfə ardıcıl mükafat alıb.
“Dram janrında ən yaxşı aktyor” nominasiyasında “Bu bizik” serialında rol alan Sterlinq Braun, “Komediya serialı üzrə ən yaxşı aktyor” nominasiyasında isə “Atlanda” serialında rol alan Donald Qlover mükafatlandırılıb.
“İlin ən yaxşı mini serialı” nominasiyasında “Böyük bir yalan” serialı fərqlənib. Həmin serialda çıxış edən Nikol Kidman isə “Mini serialda ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
“Komediya serialında ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Saturday Night Live” şousunda ABŞ Prezidenti Donald Trampı parodiya etdiyinə görə aktyor Alek Bolduin layiq görülüb.

Dünya 2017-09-18 15:25:00