×
A
A
A
Sazlamalar

Dünya əhalisinin 11 faizi aclıqdan əziyyət çəkir

Vyana, 18 sentyabr, AZƏRTAC
Dünya əhalisinin 815 milyon nəfəri kifayət qədər gündəlik ərzaqla təmin oluna bilmir. AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadla xəbər verir ki, 2015-ci il ilə müqayisədə 2016-cı ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 38 milyon nəfər artaraq 815 milyon nəfərə çatıb.
Təşkilat xəbərdarlıq edib ki, 2030-cu ilədək dünyada aclıq və qida çatışmazlığına son qoyulmasına dair optimist məqsədə yalnız sülh və sabitliyin bərqərar olması sayəsində çatmaq mümkündür. Çünki iqlim dəyişiklikləri ilə yanaşı, dünyanın müxtəlif regionlarında münaqişələrin tüğyan etməsi aclıq və səfalətin yayılmasında əsas səbəbkardır. Aclıqdan əziyyət çəkən insanların tam yarısı münaqişə bölgələrində yaşayır. Cənubi Sudan, Nigeriya, Somali və Yəmən kimi vətəndaş müharibəsi alovlanan ölkələrdə isə kütləvi aclığın fəlakət səviyyəsinə gəlib çatma təhlükəsi yaranıb.
Quraqlıq və daşqınlarla yanaşı, “El-Ninyo” kimi təbiət fenomenləri kənd təsərrüfatına getdikcə daha çox zərər vururlar. Eyni zamanda, qlobal iqtisadi inkişafın geriləməsi də ərzaqla təminata mənfi təsir göstərir.
Təşkilatın hesablamalarına görə, dünya əhalisinin təxminən 11 faizi aclıqdan əziyyət çəkir. Ən çox zərər çəkənlər Afrikada (243 milyon nəfər) və Asiyada (520 milyon nəfər) yaşayırlar.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri,
Vyana

Dünya 2017-09-18 13:04:00