×
A
A
A
Sazlamalar

Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar

Berlin, 18 sentyabr, AZƏRTAC

AZƏRTAC Almaniya KİV-lərinə istinadla bildirir ki, Rusiya, İran və Türkiyə hazırda əsasən Suriya müxalifətinin nəzarəti altında olan İdlib əyalətində təhlükəsizliyin təmin edilməsi üzrə birgə qüvvələr kontingenti yaradılması barədə razılığa gəliblər.
Suriyaarası tənzimləməyə dair danışıqların Qazaxıstanın paytaxtı Astanada keçirilmiş altıncı raundunun yekunlarına əsasən bu üç ölkənin qəbul etdiyi birgə bəyanatda deyilir ki, Rusiya və İran Dəməşqdə hökumətin tərəfdarları, Türkiyə isə Suriya müxalifətinin tərəfdarı kimi İdlibdə və digər deeskalasiya zonalarında deeskalasiyaya nəzarət qüvvələrinin fəaliyyətini razılaşdırmaq üçün birgə əlaqələndirmə mərkəzi yaradacaqlar.
Nəzarət qüvvələrinin vəzifələri İdlib əyalətində suriyalı əsgərlər ilə müxalifət döyüşçüləri arasında, habelə qonşu Latakiya, Hama və Hələb əyalətlərinin müəyyən hissələrində hərbi toqquşmaların qarşısını almaqdan ibarət olacaq.
Danışıqların may ayında Astanada keçirilmiş bundan əvvəlki raundunda Rusiya, İran və Türkiyə Suriyada dörd deeskalasiya zonasının yaradılması barədə razılığa gəliblər. Həmin zonalar şərqi Qutada, Homs əyalətinin şimalındakı bəzi rayonlarda, İdlib əyalətində, qonşu Latakiya, Hama və Hələb əyalətlərinin müəyyən hissələrində və Suriyanın cənubundakı bəzi rayonlarda yaradılacaq. Rusiya artıq həmin zonaların bəzi rayonlarında hərbi polis bölmələri yerləşdirib.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2017-09-18 12:42:00