×
A
A
A
Sazlamalar

Yaponiyada Yaşlılara Hörmət Günü qeyd edilir

Tokio, 18 sentyabr, AZƏRTAC 

Hər il sentyabrın üçüncü bazar ertəsi Yaponiyada Yaşlılara hörmət Günü qeyd edilir. Cari ildə bu Gündoğar ölkədə 90 yaşdan yuxarı insanların sayı ilk dəfə iki milyon həddini keçib.
AZƏRAC xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin dərc etdiyi yapon cəmiyyətinin yaş tərkibi barədə statistik məlumatda qeyd edilir. 1980-ci ildə həmin rəqəmin 120 min nəfər təşkil etdiyi bildirilir.
Məlumatda vurğulanır ki, yapon cəmiyyəti sürətlə qocalır, gənclər uşaqların dünyaya gəlməsinə getdikcə daha az həvəslə yanaşırlar və bu, daha yuxarı yaşlarda baş verir. Eyni zamanda, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldiyi və nəticədə yaşlı insanların sayının artdığı qeyd edilir.
65 yaşdan yuxarı insanların sayı da artmaqda davam edir və bu göstərici cari ildə əhalinin 27,7 faizini əhatə edib. Yaponiyada yaşlı insanların sayı artıq 35,14 milyona çatıb.
Hazırda Yaponiyada 65 yaşdan yuxarı üç nəfərdən birinin işlədiyi və bu yaşda olan insanların ümumi iş yerlərinin 12 faizini tutduğu bildirilir. Bununla yanaşı, 65 yaşdan yuxarı insanların yarıdan çoxu daimi iş yerlərində çalışmırlar və əsasən, müvəqqəti və ya yarım iş günü müddətinə işə qəbul edilirlər.
Yaponiyada cəmiyyətin qocalması bütün dünya üzrə ən böyük sürətlə baş verir. Misal üçün, İtaliyada və Almaniyada 65 yaşdan yuxarı insanlar müvafiq olaraq əhalinin 23 və 21,5 faizini əhatə edirlər.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-18 10:18:00