×
A
A
A
Sazlamalar

Yaponiyada tufana görə 600-dək yerli və beynəlxalq aviareys təxirə salınıb

Tokio, 17 sentyabr, AZƏRTAC

Yaponiyada güclü “Talim” tufanına görə 586 yerli və beynəlxalq aviareys təxirə salınıb. Hazırda “Talim” tufanı Yaponiyanın cənubundakı Kaqoşima prefekturası ərazisindədir və şimal-şərq istiqamətində hərəkət edir. Tufanın mərkəzində havanın təzyiqi 975 hektapaskala bərabərdir və küləyin surəti saniyədə 30 metrə çatır. Sinoptiklərin bildirdiyinə görə, Kyuşu və Şikoku adalarında sentyabrın 17-də 350 millimetr yağıntı düşəcəyi gözlənilir.
Yaponiyanın JAL (Japan Airlies) və ANA (All Nippon Airways) kimi nəhəng aviaşirkətləri müvafiq olaraq 151 və 225 daxili reysi təxirə salmağa məcbur olublar.
“Peach Aviation” aviaşirkəti isə 53 daxili və beynəlxlaq reys, “Jetstar” şirkəti isə 43 reysin tufan səbəbindən təxirə salındığını bildirib. Bundan əlavə, “Japan Air Commuter”, “Skymark airlines”, “Solaseed Air”, “Spring Japan”, “Japan Transocean” və “Vanila Air” aviaşirkətləri də ümumilikdə 43 reysin uçuşunu müvəqqəti dayandırıblar.
Aviaşirkətlər təxirə salınan reyslərin sayının artacağı gözlənildiyinə görə, sərnişinlərdən elanları diqqətlə izləməyi xahiş ediblər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-17 07:39:00