×
A
A
A
Sazlamalar

Polina Rəhimova: Məqsədimiz Avropa çempionatında medallara sahib olmaqdır

Bakı, 17 sentyabr, AZƏRTAC

Voleybol üzrə Avropa çempionatına hazırlıqlar çərçivəsində təlim-məşq toplanışları uğurla davam edir. Əvvəlcə Qubada hazırlıq keçdik. Sonra Sloveniyada təlim-məşq toplanışında olduq. Ardınca Milanda İtaliya yığması ilə üç yoxlama oyunu keçirdik. İndi isə məşqləri ölkəmizdə davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda təşkil ediləcək voleybol üzrə Avropa çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının üzvü Polina Rəhimova deyib.
İdmançı bildirib ki, ucaboy oyunçularımızın çox olması komandamız üçün üstünlükdür. Biz yaxşı hücum edə, blok qura və servislərdən istifadə edə bilirik. Ən əsası, oyunları doğma meydanda keçirəcəyik. Güclü azarkeş dəstəyi olsa, uğurla çıxış edəcəyik.
Komandanın hədəfinin Avropa çempionatında medal qazanmaq olduğunu deyən P.Rəhimova vurğulayıb: “İlk növbədə qrupdan çıxmaq haqqında düşünürük. Bu turnirdə zəif rəqibin olduğunu düşünmürəm. Bu səbəbdən qrupda hər hansı komandanı gücünə görə müqayisə etmək doğru olmaz. Hətta Macarıstanı da siyahıdan silmək olmaz. Bütün komandalar müxtəlif oyun üslublarına sahibdir. Onların hazırlıq səviyyələri də fərqlənir. Biz uzun müddətdir ki, Avropa çempionatına hazırlaşırıq. Bu da bizim üçün müsbət amildir”.
Xatırladaq ki, sentyabrın 22-də Azərbaycanda voleybol üzrə qadınlar arasında 2017 CEV Avropa çempionatının oyunları başlayacaq. Oktyabrın 1-dək davam edəcək çempionatda 16 ölkənin milli komandası yarışacaq. Oyunlar Bakıda, Göygöldə və Tbilisidə təşkil olunacaq.
Azərbaycan millisi Polşa, Almaniya və Macarıstan yığmaları ilə birlikdə “A” qrupunda mübarizə aparacaq.

İdman 2017-09-17 00:03:00