×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” turnirində ikinci oyunda heç-heçə edib VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinin qrup mərhələsinin ikinci turuna start verilib. Turun ilk oyununda “A” qrupunda yer alan AZƏRTAC-ın komandası ilə Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin təmsilçiləri qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “Şəfa” stadionunda oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:5 hesabı ilə başa çatıb. Oyunda jurnalistlərin heyətində Hümbət Məmmədov dubl edib. Digər qolları isə Əfqan Poladlı, Roman İsmayılov və İlkin Cavanşirov vurublar.
“A” qrupunun digər oyunlarında “Faber” ilə “Ultra”, “Aztelecom” ilə “Azərconnect B” komandaları üz-üzə gələcəklər.
Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışır. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Matça FIFA üzrə Azərbaycan referisi Yusif Nurullayev hakimlik edir.
Xatırladaq ki, AZƏRTAC komandasının ilk rəqibi “Faber” komandası olub. Həmin matçda jurnalistlər 9:3 hesabı ilə qələbə qazanıblar.
Turnirə oktyabrın 28-də yekun vurulacaq.

İdman 2017-09-16 12:53:00

Video