×
A
A
A
Sazlamalar

“Samsung” pilotsuz texnologiyaların inkişafına 300 milyon dollar xərcləyəcək

Bakı, 15 sentyabr, AZƏRTAC

“Samsung” pilotsuz texnologiyaların inkişafına 300 milyon dollar xərcləyəcək.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, “Samsung Electronics” pilotsuz texnologiyalarla əlaqədar layihələrin maliyyələşdirilməsi ilə məşğul olacaq investisiya fondu (“Automotive Innovation Fund”) yaradıb.
Fond Avstriyanın avtonom idarəetmə alqoritmlərinin və müasir sürücü yardımçı sistemlərinin (ADAS, advanced driver-assistance systems) hazırlanması ilə məşğul olan “TTTech” şirkətinə 89 milyon dollar investisiya yatırmağı planlaşdırır. “Samsung” ümumilikdə oxşar layihələrin inkişafına 300 milyon dollara yaxın vəsait sərf etməyi nəzərdə tutur.
Bundan başqa, “Samsung” “ADAS” həlləri hazırlayacaq “Strategic Business Unit” strukturunu təsis edib. Yeni bölmə “Samsung”un 2016-cı ilin noyabrında 8 milyard dollara satın aldığı “Harman” şirkətinin zavodlarında fəaliyyət göstərəcək.
“Samsung” nümayəndələri şirkətin sürücüsüz avtomobil yaratmaq niyyətində olmadığını və səylərini yalnız belə avtomobillər üçün texnoloji həllərin yaradılmasına yönəltməyi planlaşdırdığını bildiriblər.

Dünya 2017-09-15 16:32:00