×
A
A
A
Sazlamalar

KXDR tərəfindən buraxılan raket Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb

Tokio, 15 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılan növbəti ballistik raket Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit okean istiqamətində uçub. Bu barədə Yaponiya hökuməti J-Alert fövqəladə xəbərdarlıq sistemi vasitəsilə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, raketin buraxılışı ilə əlaqədar Yaponiyanın şimal-şərq ərazisinin sakinlərinə möhkəm binalarda və zirzəmilərdə qorunmaq tövsiyə edilib. Bundan əlavə, onlardan raket parçaları düşdüyü barədə polisə məlumat vermək də xahiş olunub.
Raketin Hokkaydo adası yaxınlığındakı Erime burnundan 2 min kilometr şərqdə düşdüyü bildirilir.
Bu barədə sentyabrın 15-də Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa təcili çağırılan mətbuat konfransında məlumat verib. Baş katib əlavə edib ki, KXDR-in buraxdığı raket nəticəsində Yaponiya ərazisinə hər hansı obyektin düşməsi və dəniz nəqliyyatına zərər dəyməsi barədə məlumat yoxdur.
Həmçinin raketin təyyarələrin uçuşuna zərər vurmadığı bildirilir. Bununla yanaşı, bir sıra dəmir yolu şirkətləri ölkənin şərq və şimal-şərq rayonlarında sürətli qatarların hərəkətini müvəqqəti dayandırıblar.
Cənubi Koreya hərbçilərinin verdiyi məlumata görə, raketin buraxılışı Pxenyan yaxınlığından həyata keçirilib. Bu, KXDR tərəfindən Yaponiya istiqamətində buraxılan altıncı raketdir.
Yerli telekanalların Yaponiyanın Em-Net fövqəladə xəbərdarlıq sisteminə istinadla yaydığı məlumata görə, raket yerli vaxtla səhər saat 6:57 dəqiqədə buraxılıb. Yeddi dəqiqədən sonra o, Yaponiya ərazisinə daxil olub və iki dəqiqədən sonra buranı tərk edib. Raketin yerli vaxtla 7:16 dəqiqədə suya düşdüyü bildirilir.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-15 07:44:00