×
A
A
A
Sazlamalar

BMT-nin baş katibi Myanmadakı zorakılığı dayandırmağa çağırıb

Berlin, 14 sentyabr, AZƏRTAC

BMT-nin baş katibi Antoniu Quterreş Myanma hökumət orqanlarını hərbi əməliyyatı və zorakılığı dayandırmağa, qanunun aliliyini bərpa etməyə, humanitar yardımın çatdırılması üçün imkan yaratmağa çağırıb. “Onilliklərboyu mövcud olmuş problemlər indi Myanma hüdudlarından kənara çıxıb və bütün regionda sabitliyi pozur. Humanitar vəziyyət fəlakətli həddə çatıb”, - deyə Antoniu Quterreş bildirib.
AZƏRTAC xəbər verir ki, Almaniya KİV-ləri BMT-nin baş katibinin bəyanatından yazırlar. Antoniu Quterreş əlavə edib ki, ötən həftə Banqladeşə gələn Rohingiya qaçqınlarının sayı 125 min nəfər olub, hazırda isə təxminən 380 min nəfərdir. BMT-nin baş katibi bu böhranı yaradan səbəbləri aradan qaldırmağa və Rakhayn ştatının müsəlmanlarına ya vətəndaşlıq, “ya da, heç olmasa, hazırda onların normal yaşamalarına imkan yaradan, o cümlədən onların yerdəyişmə sərbəstliyini təmin edən, əmək bazarını və digər xidmətləri onlar üçün əlçatan edən leqal status” verməyə çağırıb.
Baş katib deyib ki, o, BMT Təhlükəsizlik Şurasına Myanmadakı vəziyyət barədə məktubla müraciət edib. Bu mövzu dünən qapalı şəkildə müzakirə edilib. İclasın nəticələrinə görə, Təhlükəsizlik Şurasının üzvləri bəyanat veriblər. Sənəddə Myanma hökumət orqanları zorakılığı dərhal dayandırmağa, qanunun aliliyini və nizam-intizamı bərpa etməyə, həmçinin sakinlərin müdafiəsinə zəmanət verməyə çağırılır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2017-09-14 13:36:00