×
A
A
A
Sazlamalar

Almaniya deputatları səlahiyyət müddətlərinin artırılmasını istəyirlər

Berlin, 14 sentyabr, AZƏRTAC

“dpа” agentliyinin yaydığı məlumata görə, bundestaqın bütün parlament fraksiyalarının rəhbərləri öz səlahiyyət müddətlərinin artırılmasını istədiklərini bildiriblər.
AZƏRTAC “dpа” agentliyinə istinadla xəbər verir ki, legislatura dövrünün parlamentin yeni çağırışında uzadılacağı və bu qərarın 2021-ci il bundestaq seçkilərindən sonra qüvvəyə minəcəyi ehtimal olunur.
Xristian-Demokratik İttifaqı və Xristian-Sosialist İttifaqı blokunun parlament fraksiyasının rəhbəri Mixael Qrosse-Bryomer “Redaktionsnetzwerk Deutschland” media qrupuna müsahibəsində bildirib ki, Almaniya federal torpaqlarının əksər parlamentlərində, habelə Avropa Parlamentində bu cür praktika mövcuddur. Bundan başqa, unutmaq olmaz ki, dördillik legislatura dövrünə həm də seçkiqabağı yürüşlər, seçkilərdən sonra yeni koalisiyaların yaradılması haqqında danışıqlar üçün lazım olan müddət də daxildir.
Bundestaqda Almaniya Sosial-Demokrat Partiyası fraksiyasının başçısı Tomas Opperman, Sollar Partiyası parlament fraksiyasının rəhbəri Ditmar Barç və “İttifaq-90”/“yaşıllar” partiyasının icraçı katibi Britta Xasselman da parlament səlahiyyətləri müddətinin artırılmasına etiraz etmirlər. Azad Demokrat Partiyasının sədri Volfhanq Kubikinin sözlərinə görə, onun fraksiyasının əksər üzvləri bu ideyanı dəstəkləyirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2017-09-14 12:52:00