×
A
A
A
Sazlamalar

Tokio - 2020 Olimpiadası üçün rəmzin dizaynı ilə əlaqədar müsabiqə davam edir

Tokio, 14 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışların rəsmi rəmzinin dizaynı ilə bağlı müsabiqəyə yekun vurmaq üzrədirlər.
Ötən ay elan edilmiş müsabiqədən sonra komissiyaya iki mindən çox dizayner müraciəti daxil olub. Onların arasından 1753-ü müsabiqənin tələblərinə uyğun hesab edilib.
Oyuncaqların və komikslərin istehsalı ilə məşğul olan şirkətlərin gənc əməkdaşları həmin işlərlə tanış olmaq və qiymətləndirmək üçün dəvət ediliblər. Komissiya üzvlərinin rəyinə görə, bu gənclər rəmzin orijinallığı və cəlbediciliyi ilə seçilməsinə kömək edə bilərlər.
Bu gün həmin layihələr arasından əsas müsabiqəyə buraxılacaq 100 iş seçiləcək.
Dekabr-yanvar aylarında keçiriləcək Olimpiadanın əsas rəmzinin seçkisində isə Yaponiyanın bütün məktəbliləri iştirak edəcəklər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-14 08:09:00