×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar üz-üzə gəliblər.
“A” qrupunun favoriti hesab olunan “Mançester Yunayted” klubu doğma divarlar arasında İsveçrənin “Bazel” komandasının qapısından üç cavabsız top keçirib. Portuqaliya təmsilçisi “Benfika” isə doğma meydanda Rusiyanın MOİK komandasına 1:2 hesabı ilə məğlub olub.
“B” qrupunda Münxenin “Bavariya” klubu “Anderlext” (Belçika) komandasını 3:0 hesabı ilə məğlub edib. Bu mövsüm yeni və bahalı transferlərlə heyətini xeyli gücləndirən “Paris Sen-Jermen” komandası isə öz gücünü elə ilk oyunda sübut edib. Parislilər səfərdə “Seltik” (Şotlandiya) komandasını 5:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Qollardan ikisini Paris təmsilçisinin yeni transfer etdiyi Neymar və Mbappe vurublar.
Turnirin “C” qrupunda yer alan Ağdamın “Qarabağ” klubu güclü “Çelsi” komandası ilə səfər qarşılaşmasında 0:6 hesabı ilə məğlub olub. Qrupun digər oyununda “Roma” komandası İtaliyada “Atletiko Madrid”in müqavimətini qıra bilməyib – 0:0. Bu oyun gün ərzində heç-heçə başa çatan yeganə qarşılaşma olub.
“D” qrupunda da məhsuldar hesab qeydə alınıb. Turnirin favoritlərindən sayılan “Barselona” ötən mövsüm dörddəbir finalda məğlub olduğu “Yuventus”u (İtaliya) “Nou Kamp”da qəbul edib. Lionel Messinin dubl etdiyi oyun “Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yunanıstanın “Olimpiakos” komandası isə evdə “Sportinq” (Portuqaliya) ilə oyunda məğlubiyyətlə üzləşib – 2:3.
UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 13-də “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşacaqlar.

İdman 2017-09-13 01:14:00