×
A
A
A
Sazlamalar

İraq parlamenti Kürdüstanda referendumun əleyhinə səs verib

Bakı, 12 sentyabr, AZƏRTAC

İraq parlamenti muxtar İraq Kürdüstanı hakimiyyət orqanlarının sentyabrın sonlarına planlaşdırdıqları müstəqillik haqqında referendumun əleyhinə səs verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Parlamentin spikeri Səlim əl-Caburi bildirib ki, qərar baş nazirin üzərinə İraqın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün bütün tədbirləri görmək, həmçinin məsələnin nizamlanması üçün Bağdadın müvafiq regionla münasibətlərinə dair ciddi dialoqa başlamaq vəzifəsi qoyur.
Verilən məlumata görə, parlamentin kürd deputatları iclası tərk edərək səsvermədə iştirak etməyiblər.
Xatırladaq ki, Muxtar İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq haqqında referendumu sentyabrın 25-nə təyin ediblər. Onların bu addımı Bağdad, habelə Tehran və Vaşinqton tərəfindən tənqid olunub. Belə bir referendumun keçirilməsinin gərginliyin artmasına səbəb ola biləcəyi barədə ümumi fikir səsləndirən Türkiyə və İran təşəbbüsdən imtina etməyə çağırıblar.

Dünya 2017-09-12 15:46:00