×
A
A
A
Sazlamalar

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına start verilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də “Neftçi” idman klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına start verilib.
AZƏRTAC xəbər verir ki, klub ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin sentyabrında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində keçirilən Spartakiadadır.
XXV Spartakiadada 31 müəssisənin komandası iştirak edir. İdmanın 14 növü (mini futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə təşkil olunan yarışlarda 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük yarışı “Start” idman kompleksində, güllə atıcılığı mübarizəsi isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək.
Spartakiada sentyabrın 17-də başa çatacaq.
Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına mini futbol, atletika və futtennis idman növləri ilə start verilib.

 

İdman 2017-09-12 14:15:00