×
A
A
A
Sazlamalar

Norveçdə parlament seçkilərində hakim sağ mərkəzçi koalisiya qalib gəlib

Stokholm, 12 sentyabr, AZƏRTAC
Norveçin birpalatalı parlamentinə keçirilən seçkilərdə hakim sağ mərkəzçi koalisiya qalib gəlib.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, əksər seçki bülletenlərinin hesablanması başa çatdıqdan sonra Baş nazir Erna Sulberq başda olmaqla Norveçin hakim sağ mərkəzçi partiyası cüzi fərqlə qalib gəldiyini elan edib.
Seçkilərin nəticələrinə görə, parlamentin yeni çağırışında hakim koalisiya mövcud 169 yerdən 89-nu əldə edəcək. Belə ki, Mühafizəkarlar partiyası səslərin 25,1 faizini toplayıb. Koalisiyada olan Tərəqqi partiyası səslərin 15,4 faizini toplamaqla bütün blok üçün qələbəni təmin edib.
Maraqlı odur ki, həm indiki, həm də 2013-cü ildə keçirilmiş seçkilərdə ən çox səsi sol mərkəzçilər blokuna daxil olan Fəhlə partiyası (27,5 faiz) toplayıb. Buna baxmayaraq, partiyanın sədri Yonas Qar Stere hökuməti formalaşdıra bilməyəcək, çünki o, parlamentdə çoxluğa malik olmayacaq.
Nəticələr açıqlanandan sonra 57 yaşlı Yonas Qar Stere tərəfdarları qarşısında çıxış edərək onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, məğlubiyyətini etiraf edib və rəqibinə uğurlar arzulayıb.
Erna Sulberq nitqində qələbəyə nail olmaqda bütün komandanın işləməsinin vacibliyini vurğulayıb. “Biz bu gün növbəti dörd il üçün dəstək aldıq, çünki nəticələrə nail olduq və verdiyimiz vədləri yerinə yetirdik”, - deyə Baş nazir bildirib.
Jurnalistlər qeyd edirlər ki, seçkilərin nəticələri əsas rəqiblər arasında nəticələrin son dərəcə yaxın olacağını öncədən xəbər verən ictimai rəy sorğusunu təsdiqləyib.
Qeyd edək ki, Norveçin Baş naziri Erna Sulberqin rəhbərlik etdiyi Mühafizəkarlar partiyası 2013-cü ildən sağ populistlərlə koalisiyada olaraq hakimiyyətdədir.


Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2017-09-12 13:14:00