×
A
A
A
Sazlamalar

“İnter” doğma meydanda “Kəpəz”i məğlub edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının IV turuna “İnter”-“Kəpəz” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 5-ci dəqiqəsində Fuad Bayram fərqlənib. Görüşün 21-ci dəqiqəsində Adrian Skarlatake, 32-ci dəqiqəsində isə Aqşin Quluzadə “Kəpəz”in qapısına yol tapıblar. “Kəpəz”in futbolçuları Şəhriyar Əliyev 36-cı, Kərim Diniyev isə 37-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Görüşün ilk hissəsi “İnter”in 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, “İnter” komandası 3:2 hesabı ilə qalib gəlib.
Turun digər oyunlarında isə bu gün “Qəbələ” komandası “Zirə”ni qəbul edəcək, sabah isə “Neftçi” klubu “Sumqayıt”ın qonağı olacaq. “Səbail”-“Qarabağ” oyunu isə Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar təxirə salınıb.

İdman 2017-09-09 18:56:00