×
A
A
A
Sazlamalar

Qol güləşi üzrə dünya çempionatında komandamızın aktivində 6 medal var

Bakı, 9 sentyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeşt şəhərində qol güləşi üzrə XXXIX və para-armrestlinq üzrə XX dünya çempionatı keçirilir.
Azərbaycan Qol Güləşi Federasiyasından AZƏRTAC-a bildirilib ki, idmançılarımız ilk yarış günündə 2 qızıl və 1 gümüş medal qazanıblar.
Çempionatın ikinci günü də komandamızın daha iki üzvü rəqiblərindən güclü olaraq qızıl medala layiq görülüblər.
Yarışların üçüncü günü də idmançılarımız üçün uğurlu keçib. Komandamızın aktivinə daha bir gümüş medal yazılıb.
Azərbaycanda “Qafqaz pələngi” ləqəbi ilə tanınan Minabəddin Qurbanovun görüşləri isə xüsusi maraqla izlənilib. İdmançımız ilə eyni qrupda Pratali Alain (Fransa), Valeri Qolovçenko (Ukrayna), Fanis Nuretdinov (Rusiya), Filkidis Pantelis (Yunanıstan), Dreves Arti Badger (ABŞ), Hollandi Pal (Macarıstan) və Moruzzi Quido (İtaliya) kimi güclü və məşhur qol güləşçiləri də yer alıb. Öz ləqəbini bu dəfə də inamla doğruldan Minabəddin Qurbanov rəqiblərinin heç birinə şans verməyib. Bütün görüşlərini təmiz qələbə ilə başa vuran “Qafqaz pələngi” finalda Fransa idmançısı Pratali Alaini də məğlub edərək komandamıza daha bir qızıl medal qazandırıb.
Qeyd edək ki, bu dünya çempionatında ölkəmiz 9 nəfərdən ibarət heyətlə təmsil olunur. Çempionat sentyabrın 11-dək davam edəcək.

İdman 2017-09-09 11:09:00