×
A
A
A
Sazlamalar

Mart soyqırımı qan yaddaşımızdan silinməyəcək

Bakı, 1 aprel, AZƏRTAC

Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il martın 31-də törətdikləri soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcək.
Bakı Slavyan Universitetindən (BSU) AZƏRTAC-a bildiriblər ki, bunu BSU-nun rektoru, professor Nurlana Əliyeva “Qan yaddaşımız” mövzusunda keçirilən tədbirdə deyib.
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə rektor ermənilərin tarixboyu xalqımıza qarşı törətdikləri vəhşiliklərdən, soydaşlarımızın kütləvi surətdə doğma yurdlarından didərgin salınmalarından danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib.
Sonra mərhum kinorejissor, BSU-nun jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filmi nümayiş olunub.
Tədbirdə, həmçinin BSU-nun diplomatiya və xarici siyasət kafedrasının dosenti Sabir Məmmədovun “31 Mart soyqırımı”, beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının dosenti Şəhla Nurizadənin “Quba soyqırımı memorialı kompleksinin tarixi araşdırmaları”, tələbəsi Sahib Gülməmmədovun “31 Mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” mövzularında məruzələri dinlənilib. Natiqlər soyqırımla bağlı vacib faktları açıqlayıb, gənc nəsli tarixi keçmişini unutmamağa çağırıblar.

31 mart 2017-04-01 21:40:00