×
A
A
A
Sazlamalar

31 mart soyqırımı qurbanlarının xatirəsi Barselonadakı Azərbaycan Evində yad edilib

Barselona, 1 aprel, AZƏRTAC

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Barselonadakı Azərbaycan Evində anım tədbiri keçirilib. Barselonada yaşayan azərbaycanlıların iştirak etdikləri tədbiri açan Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov Bakı Soveti və daşnak erməni dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.
Tədbir iştirakçılarından Çiçək Zalova 31 mart soyqırımının tarixi haqqında geniş məlumat verərək azərbaycanlıların soyqırımının Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilməsindən, bu ərazilərdə dinc əhalinin kütləvi surətdə qətlə yetirilməsindən, kəndlərin yandırılmasından, milli mədəniyyət abidələrinin dağıdılıb məhv edilməsindən söhbət açıb. O, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.
Tədbirdə iştirak edən Barselona Vəkillər Kollegiyasının üzvü Xavier Medina Ortiz bu soyqırımının bütövlükdə insanlıq əleyhinə törədildiyini söyləyib. O, gələn il bu soyqırımının 100 illiyində, nəhayət, ona beynəlxalq müstəvidə ədalətli qiymət verilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq martın 31-də Barselonadakı Azərbaycan Evinin şəkil guşəsi məhz bu soyqırımı ilə bağlı şəkillərlə əvəzlənib və gün ərzində şəhər sakinlərinin baxması üçün açıq olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Barselona

31 mart 2017-04-01 10:55:00