×
A
A
A
Sazlamalar

İsmail Alper Coşkun: Azərbaycan yüksək səviyyəli tolerantlıq mühiti ilə seçilir

Bakı, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı qardaş ölkə ilə əlaqələrimizin yüksək səviyyədə olmasını önə çəkərək Azərbaycanın xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib.
O bildirib ki, bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Komitə sədri Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin haqlı mövqeyini daima dəstəklədiyini vurğulayıb.
İsmail Alper Coşkun Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən səfir Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.
Görüşdə Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-islam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da iştirak edib.

Siyasət 2016-09-19 17:59:00