×
A
A
A
Sazlamalar

Minsk diyircəkli yastıqlar zavodu Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 8 iyul, AZƏRTAC
"Minsk diyircəkli yastıqlar zavodu" Səhmdar Cəmiyyəti (SC) Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, zavod MDB məkanında diyircəkli yastıqlar istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. Zavod 30-dan çox ölkənin maşınqayırma, metallurgiya, yanacaq-enerji müəssisələrini, tikinti, meşə və digər sənaye sahələrini istehsal etdiyi məhsullar ilə təmin edir. Diametrləri 10-980 millimetr, çəkisi 700 kiloqramadək olan müxtəlif ölçülü sferik, silindrik, yumru və digər diyircəkli yastıqların istehsal olunması zavodun əsas fəaliyyət istiqamətlərini təşkil edir. Zavod öz məhsullarını "MPZ" brendi adı altında bazara çıxarır və məhsullar beynəlxalq standartların tələblərinə tam cavab verir.
Hazırda "Minsk diyircəkli yastıqlar zavodu" SC marketinqin həcmini artırmaqda və məhsulların ixracının coğrafiyasını genişləndirməkdə maraqlıdır. Bu səbəbdən zavod Azərbaycanda fəaliyyət göstərən şirkətlərə və sahibkarlara hər iki tərəf üçün mənfəətli olan əməkdaşlıq təklif edir.

Sənaye 2016-07-08 11:17:00