AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİ VƏ ALİ HƏRBİ TƏYYARƏÇİLİK MƏKTƏBİ MƏZUNLARININ BURAXILIŞINA HƏSR OLUNMUŞ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
İyulun 27-də Azərbaycan Ali Hərbi Məktəbi məzunlarının ikinci və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi məzunlarının birinci buraxılışına həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev mərasimdə iştirak etmək üçün Ali Hərbi Məktəbə gəldi.
Məktəbin bayramsayağı bəzədilmiş korpusları üzərində və idman stadionunda Azərbaycanın dövlət bayraqları dalğalanırdı, respublikamızın rəhbərinin böyük portreti və dövlətimizin başçısının “Biz Azərbaycanın milli zabit kadrlarının hazırlanmasına bundan sonra da ciddi diqqət yetirməliyik”, “Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir”, “Mən Azərbaycan ordusunun bugünkü gücünə inanıram, ona arxalanıram”, “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır” kəlamları yazılmış transparantlar asılmışdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mərasimin keçirildiyi stadiona toplaşan hərbçilər, valideynlər, ictimaiyyətin nümayəndələri, dövlət və hökumət rəhbərləri Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar.
Ali Hərbi Məktəbin rəisi polkovnik Tofiq Qasımov Ali Baş Komandana raport verərək, şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev məzunları salamladı.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mərasimdə çıxış etdi.
MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK
SƏFƏR ƏBİYEVİN ÇIXIŞI
-Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Hörmətli generallar və zabitlər!
Məzunlar və kursantlar!
Əziz valideynlər, müharibə veteranları, qonaqlar, xanımlar və cənablar!
Sizi Azərbaycan Ali Hərbi Məktəbinin müasir standartlara uyğun yeni proqramla hazırlanmış məzunlarının ikinci və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin birinci buraxılışına həsr edilmiş təntənəli mərasimdə salamlayır, hamınıza xoşbəxtlik və işinizdə uğurlar arzulayıram.
Bugünkü mərasim onunla əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm Heydər Əliyev burada iştirak edir. Biz minnətdarlıq hissi ilə qeyd edirik ki, Silahlı Qüvvələrin bütün təhsil sisteminin yenidən qurulmasında olduğu kimi, bu məktəblərin formalaşmasında və müasir səviyyəyə çatmasında da Prezident Heydər Əliyevin böyük xidməti və zəhməti vardır. Biz inanırıq ki, Prezidentimizin bu mərasimdə iştirakı hərbi xidmətə yeni vəsiqə alan gənc zabitlərin hər birinin xatirindən və yaddaşından heç zaman silinməyəcəkdir.
Bir il əvvəl, yəni 2001-ci il avqust ayının 25-də, Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr edilmiş təntənəli mərasimdə hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyev bu tribunadan çıxış edərkən gənc zabitlərə tövsiyələrini verərək demişdir ki, sizin qarşınızda böyük vəzifələr durur. Siz bu illər ərzində aldığınız bilikləri, qazandığınız təcrübəni xidmət edəcəyiniz hərbi hissələrdə səmərəli istifadə etməli, əsgərlər və zabitlər üçün nümunə olmalısınız. Azərbaycan Ali Hərbi Məktəbinin məzunları olmaq böyük şərəfdir və siz bu adı axıra qədər şərəflə daşımalısınız.
Bir il bundan əvvəl deyilmiş bu qiymətli sözlər, bu tövsiyələr bu gün sizə də aiddir. Mən inanıram ki, builki məzunların hazırlıq səviyyəsi, öz peşəsinə yiyələnmək bacarığı daha yüksəkdir. Çünki ötən bir il ərzində Silahlı Qüvvələrin bütün təhsil sistemi kimi, Azərbaycan Ali Hərbi Məktəbi də təkmilləşmiş və onun tədris-maddi bazası daha da zənginləşmişdir.
Yeri gəlmişkən bildirim ki, Azərbaycan Ali Hərbi Məktəbinin tədris-maddi bazası tədris, idman, mədəni və məişət kompleksi şəklində fəaliyyət göstərir. Kompleksə tədris korpusları, fənn kabinetləri, altı kompüter kabineti, altı dil üzrə linqvistika kabineti, iki sürətli dilöyrənmə kabineti, təbiət elmləri laboratoriyaları və səhra təlimi mərkəzi daxildir. Bu il tərkibində atıcılıq, taktika poliqonu, avtodrom, tank direktrisası və fənn şəhərcikləri olan yeni bir səhra təlimi mərkəzi hazırlanıb istifadəyə verilmişdir.
Məktəbin idman kompleksində on iki idman növü üzrə seksiyalar fəaliyyət göstərir. Bunlardan əlavə idman kompleksində dörd hərbi-tətbiqi istiqamətli idman şəhərciyi, stadion, üstüaçıq və Avropa standartlarına uyğun üstüörtülü su hovuzları fəaliyyət göstərir.
Mədəni kompleksin tərkibində folklor, teatr, musiqi, rəqs və digər incəsənət növləri üzrə iyirmi bir dərnək işləyir.
Məktəbin məişət kompleksi isə kursantların qidalanma, hamam-camaşırxana, istirahət və digər tələbatlarını tam şəkildə ödəyir. Bunları qeyd etməklə bir daha demək istəyirəm ki, Azərbaycan Ali Hərbi Məktəbinin tədris-maddi bazası müasir tələbələrə cavab verir və burada Azərbaycan Silahlı Qüvvələri üçün yüksək hazırlıqlı, vətənpərvər, Azərbaycan dövlətinə və Konstitusiyasına tam sədaqətli, hərtərəfli inkişaf etmiş və sağlam zabitlərin hazırlanması üçün hər bir şərait vardır.
Hörmətli mərasim iştirakçıları!
Bu gün burada eyni zamanda Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılışı həyata keçirilir.
Yeri gəlmişkən qeyd edim ki, Silahlı Qüvvələrin təhsil sistemində fəaliyyət göstərən ali məktəblərin məzunlarına hərbi ixtisasla yanaşı mülki ixtisas və “bakalavr” dərəcəsi də verilir.
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının builki buraxılışı dördillik ali təhsil proqramı üzrə hazırlanmışdır. Bu vaxta qədər təyyarəçi zabitlər üçillik təhsil proqramı üzrə hazırlanırdı. Bundan sonra Azərbaycanın Hərbi Hava Qüvvələri üçün ali təhsilli mütəxəssislər hazırlanacaqdır.
Qeyd edilməlidir ki, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də tədris-maddi bazası son illərdə gücləndirilmiş və müasir tələblərə cavab verən vəziyyətə gətirilmişdir. Məktəb, hətta inkişaf etmiş bir çox ölkələrin Ali Hərbi Təyyarəçilik Məktəblərində olmayan aerodinamik komplekslə təmin edilmişdir. Bu da hərbi hava qüvvələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına şərait yaratmışdır.
Bu gün biz Azərbaycan Ordusu üçün yüksək ixtisaslı zabit kadrlarını öz ali təhsil müəssisələrimizdə hazırlayırıq və demək olar ki, əlavə yardıma ehtiyacımız yoxdur. Təhsil sistemində islahatların həyata keçirilməsində və ümumiyyətlə, Silahlı Qüvvələr quruculuğunda nailiyyətlərin əldə olunmasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının misilsiz rolu vardır.
Bugünkü tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup generalı və zabiti iştirak edir. Onları Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan bir daha salamlayıram. Ordu quruculuğunda Azərbaycana öz qardaş köməyini əsirgəməyən Türkiyə Respublikası Silahlı Qüvvələrinin rəhbərliyinə bir daha minnətdarlıq edirəm. İnanıram ki, Azərbaycan-Türkiyə əsgəri qardaşlığı bundan sonra da durmadan inkişaf edəcək və hər iki dövlətin ən yüksək səviyyədə milli mənafeyinə xidmət edəcək səviyyəyə çatacaqdır.
Hörmətli mərasim iştirakçıları!
Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi günü-gündən təkmilləşir. Digər sahələrdə olduğu kimi, təhsil sisteminin inkişafında da biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin diqqət və qayğısını hər zaman hiss edirik. Bunun nəticəsi kimi, cari tədris ilində Silahlı Qüvvələrin Akademiyasında iki illik proqram üzrə təhsil alan zabitlərin, ehtiyat zabitləri hazırlığı kursunun, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi məzunlarının ilk buraxılışları olmuş, təlim və tədris mərkəzində zabit ixtisas kurslarının ilk buraxılışı isə olacaqdır. Bu o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrinin sıralarına bütün hərbi ixtisaslar üzrə yeni kadr zabitləri daxil olmuşdur. Deməli, Azərbaycan Ordusunun sıralarına yüksək biliyə malik, mətin, iradəli və bacarıqlı yüzlərlə gənc komandirlər heyəti gəlmişdir. Onlar Silahlı Qüvvələrimizə yeni ruh, yeni enerji, yeni təlim, tədris və mübarizə potensialı ilə daxil olmuşlar. İnanıram ki, onların gənclik enerjisi Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə yeni vətən sevgisi bəxş edəcək və düşmən üzərində tam qələbə çalmaq üçün şərait yaradacaqdır.
Bu gün çox əlamətdar, yaddaqalan və heç vaxt unudulmayan bir gündür. Bu gün Silahlı Qüvvələrimizin bütün şəxsi heyəti üçün bayram günüdür.
Mən Azərbaycan Ali Hərbi Məktəbinin yeni proqramla hazırlanmış məzunlarını ikinci və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin birinci buraxılışı münasibətilə ilk növbədə həmin məktəblərdə bu proqramların həyata keçirilməsində Müdafiə Nazirliyinin bütün təşəbbüs və təkliflərini dəstəkləyib, onun tətbiq edilməsinə köməyini əsirgəməyən Prezidentimizi, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyevi təbrik edirəm.
Mən bu iki məktəbin rəhbərliyini, onların müəllim, professor və zabit heyətini təbrik edirəm. Mən eyni zamanda, Azərbaycan Ali Hərbi və Azərbaycan Ali Hərbi Təyyarəçlik məktəblərində diplom alıb leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit heyətinin sıralarına qatılan məzunların valideynlərini ürəkdən təbrik edir və onlara gözaydınlığı verirəm.
Mən bu gün çiyninə leytenant paqonları taxan gənc zabitlərimizi ürəkdən təbrik edir və arzu edirəm ki, onlar bu təhsil illərində xeyli zəhmət sərf etmiş müəllim-professor, zabit heyətini və valideynlərinin əməyini yerə vurmasınlar. Ordumuzun sıralarında Vətənə layiqli xidmət etsinlər.
Nəhayət, mən bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edərək deyirəm ki, bu gün Silahlı Qüvvələrimizin sıralarına yüksək biliyə malik, mətin, iradəli və bacarıqlı yüzlərlə gənc komandir qoşulur. Milli Ali Hərbi Məktəblərimizdə hazırlanan zabit kadrlarının hər buraxılışı işğal altında olan torpaqlarımızın azad edilməsini daha da gerçəkləşdirir və bizi qələbəmizə daha da yaxınlaşdırır.
Hörmətli məzunlar!
Mən əminəm ki, Siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olmaqla onu daha da möhkəmləndirəcək, öz xidməti vəzifələrinizi şərəflə yerinə yetirəcək, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində və ölkəmizin müstəqilliyinin möhkəmlənməsində hər bir sınağa hazır olacaqsınız.
Hər bir zabit unutmamalıdır ki, o, Vətən və xalq qarşısında hərbi and içmişdir və onu sözsüz yerinə yetirməlidir. Siz aldığınız biliklərlə qoşunlara yeni bir nəfəs gətirməlisiniz. Unutmayın ki, siz ordumuzun sabahısınız, Silahlı Qüvvələrimizin gələcək taleyi sizin əlinizdədir. Siz öz xidmətiniz və mənəvi keyfiyyətlərinizlə sübut etməlisiniz ki, Azərbaycan zabitinin adını daha da yüksəklərə qaldırmağa layiqsiniz.
Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Əziz Dostlar!
1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri müharibənin gedişində formalaşmağa başlamış, Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident Heydər Əliyevin şəxsi qayğısı və rəhbərliyi sayəsində ordu quruculuğunda yeni-yeni uğurlar əldə edilmişdir.
Bu gün Silahlı Qüvvələrimiz tam formalaşmış və özünün mükəmməlləşmə dövrünü yaşayır. Bu uğurlar xüsusilə hərbi təhsil sistemi sahəsində müşahidə edilir.
Bu gün Silahlı Qüvvələrimizi kadrlarla təmin etmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Azərbaycan Tibb Universitetinin nəzdində yaradılan hərbi tibb fakültəsi, C.Naxçıvanski adına hərbi litsey və bu gün yeni proqramla hazırlanmış məzunlarının ikinci buraxılışına toplaşdığımız Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyət göstərir.
Xalqımıza yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hələ Sovet dövründə respublikamızın rəhbəri kimi fəaliyyətə başlayandan sonra azərbaycanlı gənclərin hərb sənətinə yiyələnməsinə diqqəti artırmışdır. Onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə bugünkü Naxçıvanski adına Hərbi Litseyin əsası qoyulmuşdur. Belə qətiyyətli addım atmağın o vaxt nə qədər çətin olduğunu, bu isə çoxlu maneələr göstərildiyini biz yaxşı bilirik.
Prezident Heydər Əliyev bu il iyun ayının 17-də Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialında olarkən bu barədə demişdir: “Biz bu işi başlayanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək Azərbaycan xalqı öz milli azadlığını əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaradacaqdır”.
Bu gün Azərbaycan ordusunu Cəmşid Naxçıvanski adına hərbi litsey olmadan təsəvvür etmək mümkün deyildir. Bu məktəb Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli ordu quruculuğu tarixində yaratmış olduğu ən böyük abidədir.
Bu il Cəmşid Naxçıvanski adına hərbi litseyin və onun Naxçıvan filialının bütün məzunları Azərbaycan Ali Hərbi Məktəblərinə daxil olmuşlar. Demək istəyirəm ki, Cəmşid Naxçıvanski adına hərbi litsey Azərbaycan Silahlı Qüvvələri üçün hazırlanan zabit kadrlarının əsas qaynağıdır.
Bu ilin payızında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Cəmşid Naxçıvanski adına hərbi litseyin yaradılmasının 30 illik yubileyi keçiriləcəkdir.
Onu da qeyd etmək istəyirəm ki, əgər Azərbaycan Ali Hərbi Məktəbində 1997-ci ilə qədər 12 ixtisas üzrə hərbi kadrlar hazırlanırdısa, bu gün 23 ixtisas üzrə kadrlar hazırlanır.
Diqqətinizə çatdırıram ki, biz bununla kifayətlənmir, bütün imkanlardan istifadə edərək Silahlı Qüvvələrin təhsil sistemini bundan sonra da təkmilləşdirməyə səy göstəririk. Çünki hərbi təhsil sisteminin kamilliyi ordunun yüksək ixtisaslı və bacarıqlı zabit kadrları ilə təmin edilməsinin qarantıdır.
Hörmətli mərasim iştirakçıları!
Bunu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Silahlı Qüvvələrimizin sıralarına qatılan gənc zabitlər hərbi hissələrə getməzdən əvvəl Silahlı Qüvvələrin təhsil və tədris mərkəzində öz ixtisasları üzrə hərtərəfli praktiki məşğələlər keçərək, pedaqoji və psixoloji cəhətdən tam hazırlıqlı komandirlər kimi fəaliyyətə başlayacaqlar. Qeyd edim ki, bu təcrübə MDB məkanında olan dövlətlərin Silahlı Qüvvələri arasında yalnız Azərbaycanda tətbiq edilir.
Azərbaycan Ali Hərbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəblərinin bugünkü buraxılışı Silahlı Qüvvələrin zabit heyəti ilə komplektləşdirilməsini kəmiyyət və keyfiyyətcə daha da yaxşılaşdıracaqdır. Bu da Azərbaycan Silahlı Qüvvələrinin döyüş, mənəvi psixoloji və fiziki hazırlığının yüksəlməsi deməkdir. Bu gün hər bir sınağa hazır olan Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini daim artırmaqdadır və onun şəxsi heyəti Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmək borcunu bir gün də yadından çıxarmır. Silahlı Qüvvələrimizin şəxsi heyəti bu borcu və vəzifəni xalqımızın iradəsinə uyğun olaraq, Ali Baş Komandan, Prezident Heydər Əliyevin qərarı ilə hər gün yerinə yetirməyə hazırdır.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Hörmətli qonaqlar! Bu bayram günündə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və torpaqlarımızın erməni işğalçılarından tezliklə azad olunması naminə işinizdə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun.
X X X
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev mərasimdə geniş nitq söylədi.
(Respublikamızın rəhbərinin nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
X X X
Sonra dövlətimizin başçısı, Ali Baş Komandan Heydər Əliyev ali hərbi məktəblərin 2002-ci il məzunları olan zabitlər arasında tədrisdə və intizamda ilk 5 yerləri tutan leytenantlara diplomlar və qiymətli hədiyyələr təqdim etdi. Ali Baş Komandan onları təbrik etdi, hər birini doğma övladı kimi bağrına basdı, gələcək xidmətlərində uğurlar arzuladı, məzunlarla xatirə şəkli çəkdirdi.
Ali hərbi məktəblərin digər məzunlarına diplomlar məktəblərin müəllim heyəti tərəfindən təqdim olundu. Prezident Heydər Əliyev tribunadan stadiona enərək gənc zabitlərlə, eləcə də yeni qəbul olunmuş, habelə 4-cü kursa keçən kursantlarla səmimi görüşdü, onların ailə vəziyyətləri ilə maraqlandı, təhsillərində uğurlar arzuladı.
Gənc zabitlər bildirdilər ki, onların əksəriyyəti vaxtilə Cəmşid Naxçıvanski adına hərbi litseydə təhsil almış və sonra Ali Hərbi Məktəbə daxil olmuşdur. Respublikamızın rəhbəri gənclərin bu peşəyə marağının böyük olmasından, vaxtilə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmasından böyük fərəh hissi keçirdiyini söylədi.
X X X
Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyev daha sonra məzunların və kursantların valideynlərinə yaxınlaşaraq onları səmimiyyətlə salamladı, təbrik etdi.
Valideynlər respublikamızın rəhbərinə dərin minnətdarlıqlarını bildirərək dedilər ki, cənab Prezident, çox sağ olun, Sizinlə görüşmək çoxdankı arzumuz idi. Çox şadıq ki, bu gün Siz öz əllərinizlə övladlarımıza diplom verdiniz. Allah Sizə uzun ömür versin. Siz olmasaydınız, bu ölkə başlı-başına qalacaqdı, Azərbaycan yox idi. Ən böyük arzumuz budur ki, Qarabağı xalqımıza qaytarasınız. Siz Azərbaycanı qurmusunuz. Bu ali hərbi məktəbi yaratdığınıza görə Sizə minnətdarıq. Övladlarımız Sizə, Vətənə qurbandır. Biz Sizinlə fəxr edirik.
Cənab Prezident, həmişə xalqımızın başında olasınız, övladlarımıza arxa olasınız. Biz fəxr edirik ki, bu gün övladlarımız Azərbaycan zabitidir. Əminik ki, onlar Sizin, dövlətimizin başını uca edəcəklər. Xalqımıza, millətimizə, Sizə dayaq olacaqlar.
Prezident Heydər Əliyev valideynlərin xahişlərini də diqqətlə dinlədi, bəzi məsələlərin həlli üçün yerindəcə göstəriş verdi.
X X X
Üzərində ulduz və aypara təsviri olan emblemi məktəbin rəmzi yaş kötüyünə vurmaq üçün dəvət edilən leytenant SƏİDOV dövlətimizin başçısı, Ali Baş Komandan Heydər Əliyevə müraciətlə dedi:
-Cənab Ali Baş Komandan!
Azərbaycan Ali Hərbi Məktəbinin yaş kötüyünə 2002-ci ilin məzunlarının üzərində ulduz və aypara təsviri olan emblemini vurarkən, bu şərəfli vəzifəni yerinə yetirməkdən qürur və sevinc hissi duyuram. Mənim birinci yerə çıxmağımda əməyi olan bütün professor-müəllim və komandir heyətinə öz təşəkkürümü bildirirəm. Cənab Ali Baş Komandan, icazə verin, məktəbin yaş kötüyünə ulduz və aypara təsviri olan emblemi vurum. Bütün silahdaşlarım adından Sizə təşəkkür edirəm.
X X X
Məktəbin döyüş bayrağını gələn ilin məzunu olacaq 4-cü kurs taburuna təhvil verən gənc leytenant dedi:
-Kursantım, döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. Rəngi əcdadlarının qanının rəngidir. Parçası şəhid dərisidir. Parıltısı zəfərlərin işığıdır. Ay-ulduzu hürriyyət və istiqlaldır. Yazısı qəhrəmanlıq və şücaətdir. Ağacı milli iradədir. Baftası şərəf və məsuliyyətdir.
Bütün bunlar Azərbaycan xalqından sənə əmanətdir. Bu böyük əmanəti sənə təhvil verirəm. Dəmir biləyinlə onu bərk saxla. Qanının son damlasına qədər daim yüksəklərdə tut. Onu səndən sonra sağ qalanın əlinə təhvil verməyənə qədər son nəfəsini verməyəcəksən.
Bu bayraq nəsillər boyunca və əbədi olaraq əldən-ələ veriləcək, daim göylərdə dalğalanacaqdır. Bayraq keşikçiliyi keşik xidmətlərinin ən şərəflisi, ən müqəddəsidir. Bu şanlı bayrağı təhvil aldığım kimi ləkəsiz, tər-təmiz sənə təhvil verdiyimi göstərmək üçün onu öpür və təhvil verirəm. Keşiyin mübarək və uğurlu olsun!
X X X
Məktəbin döyüş bayrağı gələn ilin məzunu olacaq 4-cü kurs taburuna təhvil verildi.
Bayrağı qəbul edən kursant dedi:
-Leytenantım, namusuma və canıma and içirəm ki, bu müqəddəs keşikdə bir saniyə də olsun gözümü ondan ayırmayacağam. Döyüş bayrağını canımdan əziz bilib, onu daim yüksəklərdə tutacağam.
Rənginin əvəzi qanım olsun. Parçasının əvəzi dərim olsun. Parıltısının əvəzi canım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımdan tər-təmiz saxlayacağam. Ağacını milli imanımla bərk tutacağam. Baftası iman dolu qanımda namus, çökməz çiyinlərimdə ən şərəfli məsuliyyət olaraq qalacaqdır.
Bu bayrağı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. Keşiyimi bir ibadət kimi tutacağam. İçdiyim bu anda sadiq qalacağımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram.
X X X
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa olundu.
Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında sərrast addımlarla Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin olduğu tribunanın qarşısından keçdilər.
Dövlətimizin başçısı məzunlarla, kursantlarla, hərbiçilərlə, valideynlərlə səmimiyyətlə sağollaşdı.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə xatirə olaraq foto-albom təqdim etdi.
X X X
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və baş nazirin müavinləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, nazirlər, komitə və şirkət rəhbərləri, parlamentin deputatları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
AzərTAc
Foto Rafiq Bağırovun və
Yaşar Xəlilovundur
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib YENİLƏNİB VİDEO
Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB VİDEO
Zəngilan şəhərində təməli qoyulan altıncı yaşayış kompleksində 177 mənzil olacaq YENİLƏNİB VİDEO