×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizmi beynəlxalq ictimaiyyətin gözü ilə

Bakı, 23 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaranmasından iki ildən artıq vaxt keçir. Bu müddət ərzində BBMM dövlətimizin başçısının bu istiqamətdə qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirib və keçirir.
BBMM-in Himayəçilər və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü və ideya rəhbərliyi ilə görülən işlərin sırasında Mərkəzin hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının yaradılmasını, qurumun “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində bu fənnin hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında tədrisini, eləcə də Mərkəzin mütəmadi olaraq təşkil etdiyi Beynəlxalq Multikulturalizm qış və yay məktəblərini xüsusilə qeyd etmək olar. Dövlət müşaviri Kamal Abdullayevin qeyd etdiyi kimi, Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq Azərbaycana məhəbbətə çevrilib.
Həmin yay və qış məktəbinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb. Xarici universitet tələbələrinin Azərbaycan multikulturallığına öz gözləri ilə şahid olmaları, onların bununla bağlı xarici mətbuat orqanlarında mütəmadi olaraq yazılarla, məqalələrlə çıxış etmələri artıq öz bəhrəsini verir: Bu gün dünyada Azərbaycan multikulturalizmi nəinki tanınır və qəbul edilir, hətta artıq tədris və tədqiqat predmetidir.
Bu gün “Azərbaycan multikulturalizmi” doktorluq dissertasiyalarının, müxtəlif elmi araşdırmaların, ədəbi, fəlsəfi esselərin mövzusuna çevrilib.
İndiyədək bununla bağlı BBMM-ə 120-dən artıq elmi, fəlsəfi, ədəbi-bədii material daxil olub. Mərkəz həmin materiallardan seçilmiş ən diqqətəlayiq yazılardan müəyyən hissələrini oxuculara təqdim edir.
Belçikanın Leuven Katolik Universitetinin kanadalı doktorantı Mark Vonsun “Multikulturalizm yol ayırıcında: Kanada və Qərb üçün Azərbaycan dərsləri” mövzusunda yazdığı doktorluq dissertasiyasında adıçəkilən hər iki ölkənin multikultural durumu müqayisəli şəkildə araşdırılıb. Tədqiqatçı qeyd edib ki, inkişaf etməkdə olan, düşmən qonşu ilə əlaqəli bir çox müvafiq xarici və daxili problemlər və çətinliklərə rəğmən multikulturalizmi təşviq edən Azərbaycandan çox şey öyrənilə bilər: “Bu mənada Azərbaycan Kanada ilə müqayisədə gözləntiləri aşaraq çox şeyə nail olur, halbuki sabitlik və iqtisadi təhlükəsizliyin mövcud olduğu Kanadada hələ də multikultural ədalətsizliklərin davam etməsini nəzərə alsaq, bu ölkədə müvafiq məsələ ilə bağlı daha çox iş görülə bilər.
Kanadada etnik azlıqların özünü idarə hüquqlarını əldə etdikləri doğru olsa da, onlar hər zaman uyğunlaşmaya malik olmadıqları üçün aydın şəkildə dövlət tərəfindən müəyyənləşdirilir və təyin edilir. Bundan əlavə, əksər özünüidarə anlaşmaları və razılaşmaları tarix ilə birlikdə təbii inkişafı kifayət qədər təmin edə bilmir, xüsusilə də, bu, dövlətin güclü iştirakı və mövcudluğu ilə əlaqəlidir. Kanadada yerli xalqların Azərbaycandakı əksər icmalardan daha kiçik olduğu doğru olsa da, biz sərvətlərini və sabitliyi nəzərə alaraq Kanadadan daha çox şey gözləməliyik. Əslində isə biz Azərbaycanın bu sahədə daha çox iş gördüyünün şahidiyik.
Azərbaycan bizə multikultural dəyərləri təşviq edən birgə keçmişin elementlərinə necə xüsusi diqqət yetirilməsini öyrədir. Uzun illər boyu işğal və davam edən münaqişələrdən əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan xalqı onlara sülh və xoşbəxtlik gətirən dəyərlərə diqqət yetirməyə, bəzi dini, etnik və mədəni fərqlərə müvafiq olaraq öz ideyalarını və ya qeyri-tolerant baxışlarını aşılamağa çalışanlardan imtina etməyə dair öz şüurlu qərarını qəbul edib.
Ümid edirəm ki, biz, “başqasını” qiymətdən salmaq məqsədilə fərqləri müəyyən etməklə deyil, onların hər birini yüksəltmək üçün çıxış yolları tapmaqla çox şey öyrənə bilərik. Kimin daha çox multikultural olduğu və ya kimin daha yaxşı multikultural siyasətlərə malik olduğu mübarizəsinin qalibi olmaq mühüm deyil. Burada əsas məqsəd, haradan başlamağınızdan və haraya gedə biləcəyinizdən asılı olmayaraq, sülh, tolerantlıq və hörməti artırmaqdır.
Əlbəttə, beynəlxalq ictimaiyyətlə bağlı zahiri mürəkkəblik daha böyük rol oynayır. Lakin bu, Azərbaycanın regionun əhalisinə və beynəlxalq hüquqa qarşı sülhyönümlü yanaşmaya verdiyi dəstəyi kölgədə qoymamalıdır”.
Koreya Respublikasının Ulsan Milli Universitetinin tələbəsi, qanalı Dadzi Akrasi Azərbaycandakı multikultural durumu doğma vətəni Qanadakı vəziyyətlə müqayisəli şəkildə ifadə edib: “Qana planetdə mədəni cəhətdən ən çox müxtəlifliklərə malik ölkələrdən biridir. Onun 27 milyon əhalisi var. Qanada başqa mədəni müxtəlifliklərə görə fərqlənən qruplardan başqa yüzdən artıq etnik qrup və 250 dil və dialekt var. Multikulturalizmin Azərbaycan modeli ilə müqayisədə Qananın multikulturalizm modeli dövlət, qanunlar və strategiyaların köməyi olmadan insanların özlərindən yaşca kiçiklərə multikultural bir millət kimi yetişməyi öyrətmələrindən ibarətdir. Bu, hökumət müdaxiləsi və dünyanın başqa yerlərindən olan cəhdlər tələb etməyən çox təbii bir prosesdir. Bir çoxları Qanaya onun multikulturalizminə görə öz rəğbətlərini bildirir və buna görə də bu ölkə “Afrikanın qapısı”, eləcə də “Afrikada oyun meydançası” ləqəblərini qazanıb. Azərbaycan və Qana multikulturalizm baxımından eyni dəyərləri bölüşürlər. Azərbaycan da multikulturalizmi inkişaf etdirmək və möhkəmləndirmək üçün qanun və strategiyaları fərqli bir səviyyədə seçib və həmçinin multikultural bir cəmiyyət olmaq üçün fəal proqramlar təşkil edir. Azərbaycanın multikulturalizm modeli qlobal səviyyədə tanınmalıdır ki, başqa ölkələr də Azərbaycan xalqının bilik və təcrübəsindən faydalana bilsinlər”.
Rusiyanın Kazan Federal Universitetinin tələbəsi Elvira Xatamtayevanın fikrincə, Azərbaycan tolerantlıq ənənələrinə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verib: “Ölkənin multikulturalizm sahəsindəki uğuru həm hökumət, həm də cəmiyyət tərəfindən onilliklər ərzində əsasən stabil qalmış tolerantlıqla və digər mədəniyyətləri qəbul etmək xüsusiyyəti ilə bağlıdır. Tolerantlıq və multikulturalizm modeli hesab olunan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub.
Azərbaycan multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə vasitə hesab edir. Çünki bütün dünyada qloballaşmanın baş verdiyi, informasiya mübadiləsinin həyata keçirildiyi və ümumiyyətlə, sürətli inteqrasiya prosesinin getdiyi bir dövrdə özünütəcrid fəaliyyəti ilə məşğul olmaq sadəcə fəlakətə yol aça bilər”.
İngiltərənin Mançester Universitetinin tələbəsi, Sinqapur vətəndaşı Anginn Mayın yazdığı essedə vurğulanır ki, Azərbaycanın çətin dövrlərdən keçmiş tarixi fonunda multikulturalizmin təhlili xüsusilə əhəmiyyətlidir: “Tarixən ən güclü imperialist qüvvələrin diqqət mərkəzində olan və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan etnik münaqişələrin mövcud olduğu bir ölkəyə çevrilə bilərdi. Lakin Azərbaycanda multikulturalizmin inkişafı sayəsində bu cür münaqişələrin baş verməsi mümkün olmadı. Məhz bu səbəbdən, multikulturalizmin Azərbaycan modeli olduqca uğurludur və digər ölkələrin əksəriyyətinə mükəmməl nümunə kimi təqdim oluna bilər.
Müasir Azərbaycan mədəniyyəti yeni və inteqrasiya edilmiş mədəniyyətdir. Azərbaycan yalnız Rusiya və Şərqi İslam mədəniyyəti, İran mədəniyyəti simasında Avropa mədəniyyətini birləşdirmir, eyni zamanda, qədim, milli adət-ənənələri də qoruyub saxlayır. Multikulturalizmin əsas məqsədi çoxsaylı cəmiyyətlərə sülh şəraitində yaşamağa imkan yaratmaqdır. Bununla belə, hesab etmək olar ki, bir çox inkişaf etmiş dövlətlər bu yolda uğur qazana bilməyiblər. Böyük Britaniya və Niderlandın müvəffəqiyyətsizliyə düçar olmuş prinsipləri göstərir ki, multikultural və inteqrasiya cəhdi daxil olan mədəniyyətlərin assimilyasiyası ilə nəticələnib. Bu, ilk olaraq, yerli əhali tərəfindən müsbət qarşılanmamanın nəticəsi olub. Müqayisə zamanı məlum olur ki, uzun müddət polietnik müştərək yaşamaya malik olan Azərbaycan digər mədəniyyətlərə qarşı qəbul edən, tolerant və açıq fikirli olması ilə müvəffəqiyyət qazanıb. Bu, mədəniyyətlərin bu səviyyədə qəbul edilməsinə nail olmağa çalışan digər ölkələrə nümunə ola bilər”.

***

Bu elmi işlərdə və esselərdə ifadə olunan rəylər və fikirlər Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin dünyada tanıdılması, təbliği və təşviqi istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşdiyinin göstəricisidir.

Siyasət 2016-06-23 16:29:00