


Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda təşkil edilən ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə səfirliyimizlə yanaşı, Bosniya və Herseqovinada akkreditə olunmuş 40-a yaxın diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, həmçinin yerli və xarici şirkətlər, təhsil müəssisələri öz stendləri ilə təmsil olunublar.
Azərbaycan stendində ölkəmizin dövlət rəmzləri nümayiş etdirilib.
Ziyarətçilərə səfirlik əməkdaşlarının ailə üzvləri tərəfindən hazırlanmış milli mətbəximizin nümunələri, müxtəlif şirniyyatlar, çay, mürəbbələr və suvenirlər təqdim olunub. Stendə gələn qonaqlar Azərbaycan mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Azərbaycan stendinə baş çəkənlər arasında Bosniya və Herseqovina Rəyasət Heyətinin boşnak üzvü Denis Beçiroviçin həyat yoldaşı Mirela Beçiroviç də olub. Səfirlik tərəfindən ona boşnak dilində nəşr edilmiş Azərbaycan milli mətbəxinə dair kitab hədiyyə olunub.
Qeyd edək ki, Azərbaycan bu xeyriyyə təşəbbüsünə artıq beşinci dəfə qoşulur. Yarmarka çərçivəsində əldə olunan gəlir Bosniya və Herseqovinada əlilliyi olan uşaqların yaşadığı müəssisələrə və aztəminatlı ailələrə dəstək göstərilməsi məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.