×
A
A
A
Sazlamalar

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cəsur” tamaşası nümayiş olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylıq çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında uşaqların hüquqlarının təbliği və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Cəsur” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın təqdimatında əsas məqsəd uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkmək, uşaqların hüquq və azadlıqları barədə məlumatlılığını artırmaq, eləcə də onların mənəvi-estetik dünyagörüşünün formalaşmasına töhfə verməkdir.
Rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında səhnələşdirilən tamaşa noyabrın 13, 14, 17 və 18-də tamaşaçılara təqdim olunub. 13, 14 və 18 noyabr tarixlərində nümayişlər saat 11:00, 13:00 və 15:00-da, 17 noyabrda isə saat 11:00-da keçirilib.
Tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamları Osman Salmanov, Arif Müzəffər və Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşçusu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır. Əsəri Azərbaycan dilinə Xalq artisti Firudin Məhərrəmov tərcümə edib.
Tamaşada obrazları Məryəm Hüseynli, Vəfa Qurbanova, Sevda Cəlilova, İlham Səfərli, Habil Xanlarov, Şəms Abdullayeva, Emil Həmidov və Günəş Bağırova canlandırıblar.
Dostluq, cəsarət, mərhəmət və ədalət kimi ümumbəşəri dəyərləri təbliğ edən səhnə əsəri alleqorik nağıl motivləri əsasında qurulub. Hadisələr meşədə cərəyan edir. Süjetin mərkəzində ağıllı Qurbağa ilə qorxaq Dovşanın səmimi dostluğu dayanır. Meşənin hökmdarı Şir heyvanlardan qurban tələb etdikdə meşə sakinləri çətin vəziyyətə düşürlər. Hiyləgər Tülkünün qurduğu oyunlar nəticəsində Dovşan ciddi təhlükə ilə üz-üzə qalır. Lakin Qurbağa öz ağlı, cəsarəti və çevik düşüncəsi sayəsində hazırladığı planla dostunu xilas etməyə nail olur. Beləliklə, xeyir şər üzərində qələbə çalır, ədalət bərpa olunur.
Maraqlı süjet xətti, rəngarəng obrazları və tərbiyəvi məzmunu ilə seçilən “Cəsur” tamaşası balaca tamaşaçılara dostluğun, sədaqətin, cəsarətin və çətin anlarda bir-birinə dəstək olmağın vacibliyini aşılayır.
Qeyd edək ki, bu kimi səhnə əsərlərinin nümayişi uşaqların dünyagörüşünün zənginləşməsi, mənəvi dəyərlərə bağlılığının güclənməsi və teatr sənətinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət 2026-11-21 23:19:00