


Finlandiyada yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib
Stokholm, 21 noyabr, АZƏRTAC
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Finlandiyada yaşayan həmvətənlərimizə Helsinki Azərbaycan Evində səyyar konsulluq xidməti göstərilib.
AZƏRTAC xəbər verir ki, müraciət edən Azərbaycan vətəndaşlarına ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidməti səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Rəşad Ağazadə tərəfindən təmin edilib.
Vətəndaşlara hazır ümumvətəndaş pasportları və vizalar təqdim edilib, onlara qayıdış şəhadətnamələri və etibarnamələrin verilməsi qaydaları izah olunub, viza alınması ilə bağlı müraciətlər və vətəndaşlığın müəyyənləşdirilməsi üçün anketlər qəbul edilib, həmçinin vətəndaşlığın bərpası və digər hüquqi sənədlərin hazırlanması məsələləri barədə məlumatlar verilib.
Habelə, konsul vətəndaşların mövcud problemləri ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.