×
A
A
A
Sazlamalar

“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb

Bakı, 21 noyabr, AZƏRTAC
“Costa Concordia” kruiz gəmisinin keçmiş kapitanı Françesko Skettino doqquz ildən çox həbsdə qaldıqdan sonra cümə günü axşam saatlarında Romanın “Rebibbia” həbsxanasından azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
İtaliyanın “Quotidiano Nazionale” nəşrinin məlumatına əsasən, Roma Nəzarət Məhkəməsi Skettinonun reabilitasiya prosesini və cəza çəkdiyi müddətdə davranışını ətraflı qiymətləndirdikdən sonra onun probasiya şərtləri ilə azad edilməsinə qərar verib.
Skettinonun vəkili Françeska Karniçelli məhkəmənin qərarını müsbət dəyərləndirərək bildirib ki, penitensiar müəssisənin əməkdaşları onun reabilitasiya proqramında iştirakına yüksək qiymət veriblər. “Bizim fikrimizcə, bu alternativ cəza növünün tətbiqi üçün bütün şərtlər mövcud idi. Çünki bu, hökmdən sonrakı prosesin düzgün davamıdır”, - deyə vəkil vurğulayıb.
Xatırladaq ki, hadisə 2012-ci ilin yanvarında “Costa Crociere” şirkətinə məxsus “Costa Concordia” gəmisinin Tirren dənizindəki Cilyo adası sahillərində qayalara çırpılması ilə baş verib. Zərbə nəticəsində gəminin sol gövdəsində təxminən 35,59 metr uzunluğunda deşik açılıb, gəmi kəskin əyilərək qayalıqlara oturub və qismən batıb. Qəza nəticəsində sərnişinlər və heyət üzvləri daxil olmaqla 32 nəfər həlak olub.
Sonrakı məhkəmə proseslərində Skettino 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Dünya 2026-11-21 21:31:00