×
A
A
A
Sazlamalar

Ağdam Şəhəri Günü silsilə tədbirlərlə qeyd olunub

Ağdam, 21 noyabr, AZƏRTAC
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə tədbirlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, ASAN Xidmətin, Qarabağ Dirçəliş Fondunun, Atçılıq Federasiyasının, “Aqrar Tədarük və Təchizat” ASC-nin və Böyük Qayıdış Könüllülərinin birgə təşkilatçılığı ilə keçirilib.
Ağdam Şəhəri Gününün ilk dəfə qeyd olunması ilə əlamətdar olan tədbirlərin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tariximizi yaşatmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Bununla yanaşı, şəhər sakinlərinin bir araya gəlməsinə, uşaqların və böyüklərin asudə vaxtlarının maraqlı təşkilinə şərait yaratmaq, Ağdamın mədəni həyatını zənginləşdirmək və Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrin sevincini bölüşərək onlarda unudulmaz bayram ab-havası formalaşdırmaqdır.
Ağdam Şəhəri Günü Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Gün ərzində İmarət Kompleksində təşkil olunan yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim edilib. Qonaqlara təqdim olunan milli mətbəx nümunələri bayram tədbirlərinə xüsusi rəng qatıb. Həmçinin Qarabağ atlarının şousu və çövkən oyunu, ərazidə musiqi müşayiəti, maskotların iştirakı və canlı milli musiqi proqramı iştirakçılara bayram ovqatı yaşadıb.
Proqram çərçivəsində Ağdam Muğam Mərkəzində incəsənət sərgiləri təşkil olunub, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Ağdam Muğam Mərkəzinin amfiteatrında isə “Qaya” qrupunun iştirakı ilə konsert proqramı təqdim edilib. Muğam Mərkəzində quraşdırılan monitorda Ağdam şəhəri haqqında sənədli film nümayiş olunub.
Bununla yanaşı, Ağdam şəhər 1 nömrəli tam orta məktəbində məktəblilər üçün “Göyçək Fatma” tamaşası nümayiş etdirilib.
Günün davamında rəsmi şəxslər incəsənət sərgiləri ilə tanış olublar. Ağdam Muğam Mərkəzinin səhnəsində “Ağdam üçün oxu” klipi nümayiş etdirilib və sonda qala-konsert proqramı təqdim olunub. Bayram tədbirləri atəşfəşanlıqla yekunlaşıb.
Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Ağdam sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.

Müxbir - Tahir Ağaməmmədov

Regionlar 2026-11-21 00:11:00