×
A
A
A
Sazlamalar

Şuşadan Meksikaya uzanan yaddaş: Vətən sevgisi nifrət deyil, sülh çağırışıdır

Mexiko, 20 noyabr, AZƏRTAC

"Meksika belə deyir" qəzetində bu ölkədə yaşayan azərbaycanlı Günel Nağıyeva Şuşa ilə bağlı şəxsi xatirələrini paylaşıb. O, məqalədə tarixi yaddaşın, milli kimliyə hörmətin və xalqlar arasında sülhün vacibliyinə diqqət çəkib. "Meksika vətəndaşları ilə azərbaycanlı kimi öz tariximdən doğan fikrimi bölüşmək istəyirəm, çünki heç bir başqa millətin münaqişənin yaratdığı parçalanmaların və insan itkilərinin buraxdığı əzabları yaşamasını istəməzdim", - deyə o məqalədə bildirir.
AZƏRTAC xəbər verir ki, Günel Nağıyeva uşaqlıq və gənclik xatirələrinin mühüm bir hissəsini Qarabağın incisi Şuşada keçirdiyini bildirərək, 1992-ci ilin mayında şəhərin erməni qüvvələrinin nəzarətinə keçməsi ilə minlərlə ailənin doğma yurdlarından didərgin düşdüyünü qeyd edir. Bildirir ki, bu ailələr uzun illər öz evlərinə qayıtmaq imkanından məhrum olub. 2020-ci ilin noyabrında Azərbaycanın Şuşa üzərində nəzarəti bərpa etməsi onun üçün uşaqlıq xatirələrinə və doğma torpağına yenidən qovuşmaq ümidi demək olub. Bu gün şəhərdə aparılan bərpa və quruculuq işlərini görmək müəllifə böyük sevinc yaşadır.
Hazırda ikinci vətəni hesab etdiyi Meksikada yaşayan Günel Nağıyeva vurğulayır ki, milli tarixə və mədəni irsə sahib çıxmaq başqa xalqlara qarşı nifrət bəsləmək demək deyil. Onun fikrincə, dezinformasiya, tarixin təhrif edilməsi və mədəni mənimsəmə cəmiyyətdə qarşıdurmanı dərinləşdirə bilər.
Günel Nağıyevanın əsas mesajı isə aydındır: musiqi, ədəbiyyat, mətbəx və ənənələr xalqları bir-birindən ayırmamalı, əksinə, onları yaxınlaşdırmalıdır. Şuşa və Meksikanı öz həyatının ayrılmaz hissəsi hesab edən müəllif gələcək nəsillərə nifrəti deyil, mədəni dəyərləri, qarşılıqlı hörməti və sülhü miras qoymağın vacibliyini xatırladır. Günel Nağıyevanın Meksikadan səsləndirdiyi bu şəxsi şahidlik bir daha göstərir ki, tarixi həqiqətə və milli kimliyə hörmət xalqlar arasında davamlı sülhün əsas şərtlərindəndir.

Cəmiyyət 2026-11-20 21:08:00