


Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Bakı, 20 noyabr, AZƏRTAC
Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqrama uyğun olaraq keçirilən “Müəllimlərin təkmilləşdirilməsi treninqi”ndə “Aviasiya ingilis dili” və “Dənizçilik ingilis dili” kurslarının növbəti modulları başa çatıb.
Treninq müddətində iştirakçılara tədris prosesinə müasir yanaşmalar, dərslərin səmərəli təşkili, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, eləcə də müəllim-kursant münasibətlərində səmərəli ünsiyyətin qurulması ilə bağlı məlumatlar verilib.
Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib.