×
A
A
A
Sazlamalar

Höteborq Universitetinin dosenti: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi beynəlxalq humanitar hüququn tələbidir

Stokholm, 20 noyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş yüzlərlə Azərbaycan vətəndaşının taleyinin müəyyən edilməsi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin humanitar gündəliyinə aid məsələ deyil, həm də beynəlxalq humanitar hüququn icrası və müharibədən sonrakı ədalətin təmin olunması baxımından mühüm öhdəlikdir.
Höteborq Universitetinin dosenti, hüquq elmləri doktoru Kamal Makili-Əliyev bu barədə AZƏRTAC-a açıqlamasında bildirib.
Alim qeyd edib ki, beynəlxalq humanitar hüquq itkin düşmüş şəxslərlə bağlı məsələlərdə dövlətlərin üzərinə konkret vəzifələr qoyur. 1949-cu il Cenevrə Konvensiyaları, xüsusilə I Cenevrə Konvensiyasının 16-17-ci, IV Cenevrə Konvensiyasının 26-cı maddələri, habelə I Əlavə Protokolun 32-34-cü maddələri münaqişə tərəflərindən itkin düşmüş şəxslərin axtarılması, ölənlərin taleyinin müəyyən edilməsi, onların qalıqlarının eyniləşdirilməsi və ailələrə məlumat verilməsi istiqamətində tədbirlər görməyi tələb edir.
Kamal Makili-Əliyevin sözlərinə görə, bu kontekstdə Ermənistanın üzərinə düşən məsuliyyət xüsusi əhəmiyyət daşıyır. Ermənistan tərəfinin Birinci Qarabağ müharibəsi zamanı saxlanma yerləri, əsir və girovların taleyi, eləcə də dəfn yerləri barədə məlumata malik olması ehtimal deyil, öz nümayəndələrinin əvvəlki bəyanatları ilə təsdiqlənmiş faktdır. Azərbaycan tərəfindən 834 itkin düşmüş və əsir götürülmüş şəxslə bağlı məlumatların, o cümlədən şahidlərin siyahılarının təqdim edilməsi konkret əməkdaşlıq üçün zəruri ilkin bazanın mövcudluğunu göstərir. Ermənistan tərəfinin 204 kütləvi və fərdi məzarlığın koordinatlarına malik olduğunu bildirməsi isə məsələnin daha konkret xarakter aldığını nümayiş etdirir.
Ekspert vurğulayıb ki, bu məlumatların indiyədək təqdim edilməməsi sadəcə texniki gecikmə kimi qiymətləndirilə bilməz. Hər bir gecikmə itkin düşmüş şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarını uzadır və insan qalıqlarının eyniləşdirilməsini çətinləşdirir.
Dosent diqqətə çatdırıb ki, 2025-ci ildən etibarən Azərbaycan və Ermənistanın müvafiq komissiyaları arasında vasitəçilər olmadan birbaşa təmasların qurulması praktiki əməkdaşlıq üçün real imkan yaratmışdı. Ermənistanın ozamankı Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da birgə axtarış tədbirlərinə dair ilkin razılığı açıq şəkildə təsdiqləmişdi. Bu isə konkret addımların atılması üçün institusional mexanizmin və ilkin razılaşmaların artıq mövcud olduğunu göstərirdi. Lakin sonrakı rəhbərlik dəyişikliyindən sonra bu prosesin zəifləməsi və razılaşdırılmış tədbirlərin həyata keçirilməməsi Ermənistanın hazırkı bəyanatlarının nə dərəcədə real siyasi iradəyə əsaslandığı barədə suallar doğurur.
Kamal Makili-Əliyev Ermənistan rəhbərliyinin, o cümlədən Baş nazir Nikol Paşinyanın ailələrin yaxınlarının taleyini bilmək hüququ, humanitar əməkdaşlıq və qarşılıqlı etimad haqqında fikirlərinin prinsip etibarilə müsbət qiymətləndirilə biləcəyini bildirib. Bununla belə, o vurğulayıb ki, beynəlxalq münasibətlərdə etimad bəyanatlarla deyil, konkret addımlar və öhdəliklərin yerinə yetirilməsi ilə formalaşır.
Onun fikrincə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın əməkdaşlığa daim hazır olduqları barədə bəyanatları yalnız konkret nəticələrlə təsdiqləndiyi halda əhəmiyyət kəsb edə bilər. Ermənistanın malik olduğunu bildirdiyi 204 məzarlığın koordinatlarını təqdim etməməsi, birgə ekshumasiya tədbirlərinin həyata keçirilməməsi və təqdim olunmuş şahid siyahılarının yoxlanılmasının nəticələri barədə məlumat verilməməsi əməkdaşlıq niyyətinin praktik ifadəsi sayıla bilməz.
Hüquq elmləri doktoru hesab edir ki, hazırkı mərhələdə Ermənistanın əsas vəzifəsi yeni dialoq formatları təklif etməkdən əvvəl artıq əldə olunmuş razılaşmaları yerinə yetirməkdir. İlk növbədə, 204 məzarlığın koordinatları təqdim edilməli, Azərbaycan tərəfindən verilmiş məlumatlar və şahid siyahıları yoxlanılmalı, genetik identifikasiya üçün zəruri materialların mübadiləsi aparılmalı, birgə axtarış və ekshumasiya tədbirləri həyata keçirilməlidir.
O sonda qeyd edib ki, bu istiqamətdə irəliləyişə nail olmaq üçün siyasi səviyyədə aydın göstərişlərin verilməsi və aidiyyəti qurumların fəaliyyətinə zəruri institusional dəstəyin göstərilməsi vacibdir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Cəmiyyət 2026-11-20 20:04:00