


Ermənistanın itkin düşmüş şəxslər üzrə razılaşmaların icrasından yayınması nəyə xidmət edir? TƏHLİL
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan və Ermənistan arasında sülh gündəminə daxil olan humanitar məsələlərin icrasında Ermənistan tərəfindən qaynaqlanan problemlər özünü büruzə verir.
Halbuki 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılıqlar, o cümlədən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin üçtərəfli bəyannaməsi sülhə doğru addımlarda mühüm faktor idi və həmin gün sülh sazişinin mətni paraflanmışdı.
Həmin dövrdən bu yana sülh gündəmində əhəmiyyətli məsafələr qət edilməsinə baxmayaraq, humanitar məsələlərin həllinə dair əhatə dairəsi genişlənməyib. Mövcud vəziyyətin qiymətləndirilməsi zamanı qənaətbəxş olmayan nəticələr ortaya çıxır.
Bu vəziyyət “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in ruhuna ziddir.
Həmin sənədin IX bəndinin mahiyyəti aşağıdakı kimi xarakterizə olunur:
- Tərəflər münaqişə zamanı itkin düşmüş və məcburi yoxa çıxmış şəxslərin taleyini aydınlaşdırmaq üçün birbaşa və ya beynəlxalq qurumlarla əməkdaşlıq edərək məlumat mübadiləsi aparmaq və zəruri addımlar atmaq öhdəliyi daşıyırlar;
- Bu öhdəliyin icrası itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi, qalıqlarının axtarışı və qaytarılması, eləcə də istintaq tədbirləri yolu ilə ədalətin bərpasını əhatə edir;
- Tərəflərin məqsədi bu addımlar vasitəsilə barışıq və etimad quruculuğuna nail olmaqdır. Əməkdaşlığın mexanizmlərinin isə ayrıca sazişlə tənzimlənməsi nəzərdə tutulur.

İrəvanda nə baş verib?
2026-cı ilin noyabrın 19-20-də İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının aparatı, Xarici İşlər Nazirliyi və Ermənistan Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Ermənistan nümayəndələri çıxışlarında ailələrin yaxınlarının taleyi haqqında həqiqəti bilmək hüququnu, qarşılıqlı etimadın vacibliyini, məlumat mübadiləsini və praktiki əməkdaşlığın zəruriliyini vurğulayıblar.
Konfransın adı və mövzusu, rəsmilərin bəyanatları dekorativ olaraq yaxşı görünür. Lakin səsləndirilən fikirlər İrəvanın öhdəliklər üzrə davranışının mahiyyəti ilə ziddiyyət təşkil edir. Çünki Ermənistan birtərəfli mövqe nümayiş etdirir, hüquqi, siyasi və mənəvi məsuliyyətdən boyun qaçırır.
Bu xüsusda Ermənistan rəhbərliyinin mövqeyi ilə dövlət qurumları arasında birbaşa təmaslarda əldə olunmuş razılaşmaların icrası müqayisə edilə bilər. Bu müqayisə İrəvanın sülh gündəliyindəki ziddiyyətləri dərinləşdirdiyini göstərir.
Faktlar nə deyir?
Qeyd olunanlar konkret faktlara əsaslanır. Bu faktları göstərmək üçün Bakı ilə İrəvan arasındakı müvafiq sahədə razılaşmaların xronologiyasına və onların sonradan Ermənistan tərəfindən yerinə yetirilməməsinə baxmaq lazımdır.
Belə ki, 2025-ci ilin fevralından etibarən Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə İdarələrarası Komissiyası arasında vasitəçilər olmadan birbaşa təmaslar qurulub.
Keçirilən görüşlər və sonrakı telefon danışıqları zamanı:
- İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, məlumat mübadiləsi və birgə axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı şifahi razılaşmalar əldə edilib;
- Əməkdaşlıq perspektivinin yalnız Azərbaycanın təşəbbüsü və gözləntisi olmadığını Ermənistan tərəfi təsdiqləyib. 4 iyun 2025-ci ildə həmin dövrdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini tutan Armen Abazyan birgə axtarış tədbirlərinə dair ilkin razılığı ictimaiyyət qarşısında təsdiqləyib.
Lakin sonradan nə Ermənistanın təqdim etdiyi məlumatlar düzgün olub, nə də Azərbaycanın müvafiq sorğularına cavab verilib.

Halbuki Azərbaycan tərəfi:
- I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılmış 834 Azərbaycan vətəndaşına dair məlumatları, o cümlədən 104 nəfər haqqında ətraflı materialları Ermənistan tərəfinə təqdim edib;
- Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qeydiyyata alınmış və Ermənistan ərazisində, eləcə də Qarabağdakı saxlanma yerlərində baş çəkilmiş 54 Azərbaycan vətəndaşı ilə bağlı ayrıca məlumatlar verib;
Həmin şəxslərdən 17-sinin meyiti qaytarılıb, 33-nün öldüyü bildirilib, lakin meyitləri təhvil verilməyib, dörd nəfərin isə taleyi naməlum qalıb.
Bu məlumatlar keçmiş hadisələrin qeydiyyatı xarakteri daşımaqla bərabər, məsuliyyətin ölçülərini də müəyyənləşdirir. Azərbaycan tərəfi humanitar çağırışların bütün hallarının araşdırılması üçün konkret istiqamətlər müəyyənləşdirir.
Bu məqsədlə Azərbaycan tərəfi 2025-ci ilin may-iyun aylarının birinci yarısında yeni addım atıb. Azərbaycan hadisələrin iştirakçısı və şahidi olmuş, yaxud itkin düşmüş şəxslərin taleyi barədə məlumatı ola biləcək sağ şahidlərin və digər şəxslərin siyahılarını da təqdim edib.
Bu şəxslərin Ermənistanın aidiyyəti qurumları tərəfindən dindirilməsi, saxlanma şəraiti, itkin düşmə halları və dəfn yerləri barədə əlavə məlumatların əldə edilməsinə real imkan yarada bilərdi. Lakin bu, baş vermədi.
Üstəlik, Ermənistan tərəfi indiyədək təqdim edilmiş materialların yoxlanılmasının nəticələrini açıqlamayıb, görülmüş işlər barədə Azərbaycan tərəfinə məlumat verilməyib.
Ermənistanın açıqladığı, lakin təqdim etmədiyi məlumatlar
Əməkdaşlığın nəticəsiz qalmasının ən ciddi nümunələrindən daha biri: Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının dəfn olunduğu 204 kütləvi və fərdi məzarlığın koordinatlarına malik olduğunu etiraf edib və həmin məzarlıqların əsasən kütləvi xarakter daşıdığını qeyd edərək mövcud koordinatları təqdim etməyə hazır olduğunu bildirib. Lakin bu günədək həmin məlumatlar Azərbaycan tərəfinə verilməyib.
Beləliklə, Ermənistanın rəsmi şəkildə təsdiqlədiyi məlumatlar üzrə əməkdaşlıq nəticəsiz qalıb.
MTX rəhbərliyində dəyişiklik prosesə mənfi təsir göstərir
Ermənistan tərəfindən nəticəyönümlü addımların atılmaması həm də İrəvanın daxili-siyasi konyunkturası ilə əlaqəli ola bilər.
Əldə edilmiş əsas razılaşmalar Armen Abazyanın 2025-ci ilin 18 iyununda vəzifəsindən azad edilməsindən əvvəlki dövrə təsadüf edir. Andranik Simonyan həmin ilin iyunun 28-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunandan sonra rəsmi İrəvanın yanaşması dəyişib.
Prosesdə ləngimənin Ermənistan təhlükəsizlik sistemindəki kadr dəyişikliyi ilə əlaqəli olması ehtimalı bir neçə sual doğurur:
- Ermənistanın müvafiq qurumu humanitar əməliyyatlar üzrə zəruri tədbirləri diqqətdən kənarda qoyur;
- Ermənistana rəhbərlik edən şəxslər Ermənistan MTX-nin bu yanaşmalarına dəstək verə bilər;
- Azərbaycan və Ermənistan dövlət qurumları arasında əldə olunmuş razılaşmalar İrəvan tərəfindən ayrı-ayrı vəzifəli şəxslərin şəxsi ambisiyaları səbəbindən pozula bilər.
Bunu sübut edən məsələlərdən biri 2026-cı il martın 24-də hər iki ölkənin komissiyalarının nümayəndələri arasında keçirilmiş sonuncu telefon danışığıdır. Razılaşmaların icra edilməməsinin səbəbləri barədə qaldırılan suallara Ermənistan tərəfi dəfələrlə rəhbərlikdən müvafiq göstəriş almadığını və bu məsələlərə dair cavab vermək imkanında olmadığını bildirib.
Qeyd edək ki, 2025-ci ilin iyununda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində dəyişiklik baş verməzdən əvvəl Ermənistan tərəfi 1992-ci ilin iyun ayının 13-də Xocalı rayonunun Naxçıvanlı kəndi istiqamətində itkin düşmüş Azərbaycanın ilk hərbi təyyarəçisi Qurbanov Vaqif Bəxtiyar oğlunun ehtimal edilən dəfn yerinin koordinatlarını təqdim edib.
Azərbaycan tərəfinin keçirdiyi axtarış tədbirləri təqdim edilmiş məlumatı təsdiqləməyib. Ermənistan tərəfi dəfn yerini dəqiq müəyyənləşdirə biləcək şahidin əraziyə gəlməsini təmin etməyə hazır olduğunu bildirib. Şahidin əraziyə gətirilməsi və birgə axtarış tədbirlərində iştirakı ilkin məlumatların yoxlanılması, mümkün dəfn yerinin dəqiqləşdirilməsi və nəticə əldə olunması üçün mühüm imkan yarada bilərdi. Lakin bu təşəbbüs də praktiki mərhələyə çatdırılmayıb.
Bu nümunələr göstərir ki, əməkdaşlıq məlumatların təqdim edilməsi ilə bitmir. Həmin məlumatların yoxlanılması, zəruri şahidlərin cəlb edilməsi və axtarış tədbirlərinin nəticəyönümlü şəkildə həyata keçirilməsi əsas şərtlərdir.
Ermənistan nümayəndələrinin birbaşa ikitərəfli təmasların mövcudluğunun özünü böyük nailiyyət kimi təqdim etməsi də ziddiyyətdir. Martın 24-dən sonra konkret məsələlər üzrə təmasların faktiki olaraq dayandırılması isə mövcud əməkdaşlıq mexanizminin effektliyinə dair ciddi suallar yaradır.

Ermənistan nə etməlidir?
Baş nazir Nikol Paşinyan məsuliyyət və əməkdaşlığa dair çağırışlar edir. Ancaq bu, dekorasiyadır. Çünki yeni təşəbbüslərin meydana gəlməsi əvvəl əldə edilmiş razılıqların icra səviyyəsindən asılıdır. Razılıqlar həyata keçirilmədikcə, yeni təşəbbüslər də sadəcə şifahi bəyanatlarda və ya kağız üzərində qalır.
Buna görə də Ermənistan 204 dəfn yerinin koordinatlarını ötürməli, təqdim edilmiş siyahıların yoxlanılmasının nəticələrini açıqlamalı, genetik məlumat mübadiləsini və birgə axtarışları təmin etməlidir.
Nikol Paşinyanın etimadsızlıq, cavabların Ermənistanda axtarılması və Dublin danışıqları çərçivəsində institusional əməkdaşlıq barədə fikirləri mövcud faktlarla birlikdə qiymətləndirilə bilər.
Xarici işlər naziri Ararat Mirzoyan isə 2026-cı ilin mayında qüvvəyə minmiş qanuna istinad edir. Bununla yanaşı, 19 noyabrda bəyanatlar səsləndirir. O, bununla qanunvericilik və siyasi ritorikanın birbaşa nəticə olacağı fikrini aşılamağa çalışır. Lakin humanitar məsuliyyət hüquqları tanımaqla deyil, mövcud məlumat və imkanlardan istifadə etməklə reallaşır.

Etimadın əsas meyarı konkret nəticədir
Azərbaycan tərəfi bütün ailələrin maraqları naminə Ermənistanla konkret, nəticəyönümlü və vasitəçilərsiz əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyir. Bunun üçün yeni siyasi və institusional mexanizmlərdən daha çox, artıq mövcud olan razılaşmaların icrası və Ermənistan tərəfinin malik olduğunu bildirdiyi məlumatların təqdim edilməsi tələb olunur.
Ermənistanın əməkdaşlığa hazır olması barədə bəyanatlarının həqiqi göstəricisi də məhz bu addımların atılması olacaq.
Humanitar əməkdaşlığın səmərəliliyi itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi və ailələrin illərdir gözlədiyi cavabların əldə olunması ilə ölçülməlidir.
Beləliklə, problem əməkdaşlıq mexanizminin yaradılmasının mümkünsüzlüyündə və ya tərəflər arasında birbaşa dialoqun olmamasında deyil. Əsas məsələ yaradılmış mexanizmin verdiyi imkanların konkret nəticələrə çevrilməməsidir.
Müəllif – Aqşin Kərimov