


Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq
Bakı, 19 noyabr, AZƏRTAC
Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanmalıdır. Həmin maddə alyans üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “Könüllülər Koalisiyası”nın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu, əldə etdiyimiz çox vacib nəticədir. İnanıram ki, Rusiyanı istənilən təhlükəsizlik zəmanətinin NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacağı konsepsiyası ilə tanış etmişik”, – deyə Kuşner qeyd edib.
Kuşnerin sözlərinə görə, hazırda vəziyyətin monitorinqi üçün gücləndirilmiş mexanizmləri əhatə edən təhlükəsizlik sistemi üzərində iş aparılır. O bildirib ki, bu sistem güclü çəkindirmə mexanizmini və əldə olunmuş razılaşmaların pozulacağı təqdirdə ciddi nəticələri nəzərdə tutur.
Xüsusi nümayəndə əlavə edib ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri daha geniş təhlükəsizlik tədbirləri paketinin tərkib hissəsi olacaq.