×
A
A
A
Sazlamalar

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Tbilisi, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili Minskdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin bu sahələrdə mövcud olan çətinliklər müzakirə edilib və bir sıra razılaşmalar əldə olunub.
Konkret nəticələrə nail olmaq üçün dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin regiondakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. Gürcüstan və Rusiya arasında mövcud məsələlərin həlli, eləcə də təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi üçün əsas format kimi Cenevrə beynəlxalq danışıqlarının əhəmiyyəti xüsusi qeyd edilib.
Tərəflər dialoqu yuxarıda qeyd olunan format çərçivəsində davam etdirmək barədə razılığa gəlib, ilk görüşün təşkilinə göstərdiyi dəstəyə görə Belarus tərəfinə təşəkkür ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2026-11-19 22:34:00